close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada ALİSA proqramı ilə bağlı onlayn treninqlər həyata keçirilir

23-12-2020

Azərbaycan Milli Kitabxanası ölkənin bütün kitabxanaları üçün metodik mərkəz funksiyasını yerinə yetirir və respublikada mövcud olan Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinə və kütləvi kitabxanalara mütəmadi olaraq metodik tövsiyələr verir. Ölkəni bürüyən Koronavirus (COVİD-19)  infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə  Milli Kitabxana fəaliyyətini onlayn rejimdə həyata keçirir.      

Kitabxananın Elmi tədqiqat və Metodik təminat şöbəsi  öz işini onlayn rejimdə quraraq MKS-lərə  metodiki köməklikləri davam etdirir. İl ərzində Votsap və mail ünvan vasitəsilə Astara (10), İmişli (15), Göyçay (4), Quba (10), Salyan (10), Nərimanov (1), Xətai (15) və digər şəhər və rayon MKS-lərinə kitabxana işi və ALİSA proqramı ilə bağlı onlayn metodiki köməklik edilmişdir.                                                             

Covid 19 pandemiyası ilə əlaqədar şöbə öz işini onlayn rejimdə həyata keçirdiyi üçün iş planında nəzərdə tutulmuş vəsaitlər hazırlanaraq, Milli Kitabxananın saytında yerləşdirilməklə (elektron resurs) respublikada fəaliyyət göstərən kitabxanalara onlayn rejimdə təqdim olunmuşdur. Vəsaitlər həmçinin, Facebook sosial şəbəkəsində “Milli Kitabxana - metodiki məsləhətlər” qrupunda da kitabxanaçılara təqdim olunmuşdur. Qrupun yaradılmasında əsas məqsəd regionlar üzrə fəaliyyət göstərən kitabxana əməkdaşlarına müasir kitabxana işinin təşkili istiqamətində metodiki köməklik göstərməkdən ibarətdir.

Dekabr ayında ALİSA proqramına yeni qoşulan MKS-lərin həmin proqramda sərbəst işləyə bilmələri üçün onlayn treninqlərin keçirilməsinə start verilmişdir. Treninqlər Ultra Technologies şirkətinin dəstəyi və Milli Kitabxananın təşkilatçılığı ilə həyata keçirilir. Onlayn treninqlər Milli Kitabxananın Elmi tədqiqat və Metodik təminat şöbəsinin əməkdaşı, ALİSA proqramı üzrə mütəxəssis Təranə Cəfərova tərəfindən həyata keçirilir.

Onlayn treninqlərin 2 qrupda keçirilməsi planlaşdırılmışdır:

I qrup öz işini 14.12.2020-ci il tarixindən 18.12.2020-ci il tarixinədək davam etdirmişdir. Bu qrup üzrə keçirilən onlayn treninqlərdə Ağdam, Ağsu, Cəbrayıl, Göygöl, Kəlbəcər, Laçın, Neftçala, Cəlilabad, Füzuli, Gədəbəy, Şəmkir, Samux və Xocalı rayonları daxil olmaqla 25 kitabxana əməkdaşı iştirak etmişdir. Treninqdə əməkdaşlara ALİSA proqramının 15 modulu (Təşkilati strukturun yaradılması”, “Əməkdaşlar modullarında iş”, “Komplektləşdirmə və Kataloqlaşdırma modullarında iş”, “Nüsxələr, Yeni oxucu, Oxucu, Veriliş və Sifariş tarixçəsi modulları”, “Sənədin tarixçəsi, Sifariş, Bron modulları və Portalda iş”, “Hesabatlar, Mənbə, Aktiv istifadəçilər modulları”) ilə bağlı ətraflı məlumat verilmiş və iş prinsipləri öyrədilmişdir. Treninqlər videokonfrans formatında Googlemeet proqramı üzərindən həyata keçirilmişdir. Onlayn treninqlərdə bölmənin əməkdaşları ilə yanaşı, ULTRA şirkətinin əməkdaşları da dinləyici kimi iştirak etmişdir. Treninqlərin keçirilməsi ilə bağlı iştirakçılar e-mail adreslə yanaşı, “Regionlarla iş” votsap qrupu vasitəsilə də məlumatlandırılıblar.

 Treninqlər hal-hazırda da davam edir.