close
icon E-kataloq və kitabxana

Milli Kitabxana “Akademik Yaqub Mahmudov” adlı virtual və eyniadlı ənənəvi sərgi təqdim edib

10-02-2024

Yaqub Mikayıl oğlu Mahmudov 1939-cu il fevralın 10-da Şəki rayonunun Baş Göynük kəndində anadan olmuşdur.

1956-cı ildə Balakən rayonunun Sarıbulaq kənd orta məktəbini bitirmişdir. 1957-1962-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində təhsil almışdır. 1962-1966-cı illərdə aspiranturada təhsilini davam etdirmişdir. 1966-cı ildə “Ağqoyunlu dövlətinin Venesiya ilə qarşılıqlı əlaqələri” adlı namizədlik dissertasiyası, 1989-cu ildə Moskva Dövlət Universiteti Tarix fakültəsinin Elmi Şurasında “Ağqoyunlu və Səfəvi dövlətlərinin Qərbi Avropa ölkələri ilə qarşılıqlı əlaqələri” adlı doktorluq dissertasiyası müdafiə etmişdir. 1991-ci ildə professor elmi adını almışdır.

1966-1975-ci illərdə Azərbaycan Ensiklopediyasında elmi redaktor, böyük elmi redaktor, redaksiya müdiri, elmi işlər üzrə baş redaktor müavini, 1968-1981-ci illərdə ADPU-da baş müəllim, dosent, 1992-1993-cü illərdə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Ali Attestasiya Komissiyasında sədr müavini və “Azərbaycan Ensiklopediyası” Nəşriyyat-Poliqrafiya Birliyində baş direktor, 1981-2004-cü illərdə BDU-nun Tarix fakültəsində dosent, kafedra müdiri, dekan müavini, dekan və 2004-2021-ci illərdə isə AMEA-nın Tarix İnstitutunda direktor işləmişdir.

1991-1992-ci illərdə Azərbaycan Respublikasının ilk Təhsil Qanununu hazırlayan ekspert-işçi qrupuna rəhbərlik etmişdir.

2007-ci ildə AMEA-nın müxbir üzvü, 2017-ci ildə isə AMEA-nın həqiqi üzvü seçilmişdir.

Tarixşünaslıqda ilk dəfə olaraq XV-XVII əsrlərdə Azərbaycanın Avropa dövlətləri ilə geniş diplomatik əlaqələr saxladığını və həmin ölkələrlə danışıqlar aparmış bir çox Azərbaycan diplomatlarının adlarını üzə çıxarmışdır. 1000-dən çox elmi əsərin müəllifidir. Qarabağ, Naxçıvan və İrəvan tarixinə dair Dövlət Mükafatına layiq görülmüş fundamental əsərlərin müəlliflərindən biri və naşiridir. İkicildlik “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası”nın baş redaktorudur. 20 cildlik “Seçilmiş əsərləri” çapdan çıxmışdır. Əsərləri bir çox xarici ölkələrdə (Türkiyə, Pakistan, Rusiya, Böyük Britaniya, ABŞ, Qırğızıstan, Almaniya, Gürcüstan, Macarıstan, Rumıniya, Polşa, Ukrayna, İtaliya, Misir, Cənubi Koreya, İsveç və Meksika) nəşr olunmuşdur.

 Diplomatiya tarixi, itirilmiş torpaqlar və soyqırımları tarixi istiqamətləri üzrə  elmi məktəblər yaratmışdır. Onun elmi rəhbərliyi ilə 72 nəfər fəlsəfə və elmlər doktoru yetişmişdir.

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü olmuş və YAP-ın I və III qurultaylarında çıxış etmişdir. II, III, IV və V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. YAP Veteranlar Şurasının üzvüdür.

Azərbaycan Respublikasının əməkdar elm xadimi və Dövlət Mükafatı laureatı, Dağıstan Respublikasının əməkdar elm xadimi və 7 beynəlxalq akademiyanın həqiqi üzvüdür. “Şöhrət”, “Şərəf”, 1-ci dərəcəli “Əmək” və “Ataman Anton Qolovatıy” ordenləri ilə təltif olunmuşdur. “Yusif Məmmədəliyev”, “Rəsul Rza”, “Qızıl qələm”, “Humay” və digər çoxsaylı mükafatların laureatıdır.

Akademik Yaqub Mahmudov bir sıra beynəlxalq mükafatlara, o cümlədən “Elmdə ad” fəxri tituluna, “Ən yaxşı baş menecer” fəxri adına və Beynəlxalq Atatürk Mükafatına layiq görülmüş və XXI əsrin məşhur elm adamlarının siyahısına daxil edilmişdir.

Milli Kitabxananın əməkdaşları tərəfindən “Akademik Yaqub Mahmudov”  adlı virtual sərgi hazırlanıb.

Virtual sərgidə fotolar, dövri mətbuat səhifələrində haqqında dərc olunan məqalələr, müəllifi olduğu və haqqında yazılan kitablar nümayiş olunur.  

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Yaqub_Mahmudov/index.htm linkindən istifadə edə bilər.

Eyni zamanda kitabxanada akademikin yaradıcılığını əks etdirən ənənəvi kitab  sərgisi açılıb.     

Ənənəvi sərgi 1 həftə davam edəcək.

icon

Foto qalereya