close
icon E-kataloq və kitabxana

Bakı Ekspo Mərkəzinin Bülbül Təqdimat Zonasında Akademik Ziyad Səmədzadənin “Azərbaycan iqtisadiyyatı 100 ildə” beşcildliyinin təqdimatı keçirilib

08-10-2022

Oktyabrın 8-də Bakı Ekspo Mərkəzinin Bülbül Təqdimat Zonasında Milli Məclisin deputatı, akademik Ziyad Səmədzadənin “Azərbaycan iqtisadiyyatı 100 ildə” beşcildliyinin təqdimatı keçirilib.

Təqdimatı Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov açaraq, akademik Ziyad Səmədzadənin “Azərbaycan iqtisadiyyatı 100 ildə” beşcildliyini Azərbaycan iqtisad elmi üçün fundamental, dəyərli mənbə adlandırıb, müəllifin uzunillik səmərəli elmi araşdırmalarının növbəti bəhrəsi olan bu çoxcildlikdə Azərbaycan iqtisadiyyatının son 100 ildə keçdiyi yolun elmi cəhətdən geniş təhlil edildiyini bildirib və yeni nəşrin əhəmiyyətindən, özəlliklərindən söz açaraq bu nəşrin Azərbaycan oxucuları üçün layiqli hədiyyə olacağını qeyd edib.

Sonra çıxış edən iqtisad elmləri doktoru, professor Məhiş Əhmədov Azərbaycan iqtisadiyyatının yüzillik dövrü barədə ən fundamental araşdırmaları və analitik yanaşmanı özündə əks etdirən nəşrdə respublikamızın hərtərəfli iqtisadi inkişaf modelinin elmi-nəzəri əsasları barədə dərin tədqiqi materiallara geniş yer verildiyini, müəllifin Azərbaycan iqtisadiyyatının inkişaf meylləri barədə informasiyaları, müqayisələri həm də cədvəllər və qrafiklər əsasında oxucuya çatdırdığını, bütövlükdə isə nəşrdə 1000-dən artıq mənbəyə istinad olunduğunu bildirərək bu fundamental nəşrin çox qısa zamanda iqtisadçıların və geniş oxucu kütləsinin stolüstü kitabına çevriləcəyinə əmin olduğunu vurğulayıb.

Digər çıxış edənlər də akademik Ziyad Səmədzadənin hazırda təqdimatı keçirilən bu kitabının, 7 cildlik Azərbaycan İqtisadiyyat Ensiklopediyasının habelə ölkə iqtisadiyyatına dair digər əsərlərinin Azərbaycan iqtisadiyyatının real mənzərəsini dolğun əks etdirdiyini vurğulayıblar. 

Akademik Ziyad Səmədzadə çıxş edərək beşcildliyin ərsəyə gəlməsində əsas məqsədin ulu öndərimiz Heydər Əliyevin 1997-ci il yanvarın 17-də AMEA-nın akademikləri və müxbir üzvləri ilə görüşündə XX əsrdə və müstəqillik illərində Azərbaycanın inkişaf tarixinin yazılması ilə bağlı səsləndiyi fikirlər, təklif və tövsiyələr olduğunu vurğulayıb. Natiq kitabın 1-ci və 2-ci cildlərinin Azərbaycan iqtisadiyyatının sovet dövründə - müstəqilliyimizin bərpasına qədər olan mərhələdəki inkişaf yoluna və məsələlərinə, 3-cü cildinin müstəqillik illərində respublikamızda yeni iqtisadi sistemin yaradılması, yeni neft strategiyası, özəl sektorun, sahibkarlığın, əlverişli investisiya mühitinin formalaşması, Azərbaycan iqtisadiyyatının davamlı və keyfiyyətli inkişafını təmin edən kompleks amillər, eləcə də respublika iqtisadiyyatının yaxın və uzaq gələcəyə hədəflənmiş inkişaf strategiyası ilə bağlı məsələlərə, IV cildinin bütün bunlar barədə, xüsusilə də ulu öndər Heydər Əliyevin müəyyən etdiyi Azərbaycan dövlətinin inkişaf siyasətinə sadiqlik nümayiş etdirən, müstəqilliyimizin qorunması, əbədi olması üçün müstəqil iqtisadi siyasət yürüdən Prezident İlham Əliyevin rəhbərliyi ilə 2003-2020-ci illərdə ölkə iqtisadiyyatının davamlı və keyfiyyətli inkişafını təmin edən kompleks məsələlər – istehsal və sosial infrastruktur problemlərinin həyata keçirilməsi, sənayeləşmə siyasəti, qeyri-neft sektorunun inkişafı və onun quruluşunun təkmilləşdirilməsi, regional siyasət, demoqrafik inkişaf və məşğulluq problemləri, ordu quruculuğu, iqtisadi təhlükəsizliyi, enerji təhlükəsizliyini, ərzaq təhlükəsizliyini, keyfiyyətli həyat səviyyəsini təmin edən amillər, icra edilən proqramlar, respublika iqtisadiyyatının yaxın və uzaq gələcəyə hədəflənmiş inkişaf strategiyası ilə bağlı məsələlərə həsr olunduğunu,  sonuncu cilddə isə XIX əsrdən başlayaraq indiyədək Azərbaycan ərazilərində gedən proseslər, Azərbaycanın bu dövrdə üzləşdiyi milli və siyasi ədalətsizliklər, torpaqlarımızın işğalı və Vətən müharibəsində qazanılan Zəfərin tariximizdəki rolu kontekstindən nəzərdən keçirildiyini söyləyib.

Sonda Azərbaycan Milli kitabxanasının direktoru, professor Kərim Tahirov, kitabın Azərbaycan iqtisadiyyatının öyrənilməsi, araşdırılması və tədqiq edilməsi, o cümlədən iqtisadi fəaliyyətin təkmilləşdirilməsi işinə böyük töhfə olduğunu və növbəti ayda iqtisadçı alimlərin iştirakı ilə Milli Kitabxanada çoxcildliyin geniş təqdimatının keçiriləcəyini vurğulayıb.

 

  

 

  

 

icon

Foto qalereya