08-12-2016
Dekabrın 8-də Akademik Zərifə Əliyeva adına Liseydə Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Ulu öndər Heydər Əliyevin şəxsi kitabxanasından Azərbaycan Milli Kitabxanasına hədiyyə etdiyi kitabları” mövzusunda sərgi-konfrans keçirilib.
Tədbir Azərbaycan Milli Kitabxanası, Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsinin Kitabşünaslıq və nəşriyyat işi kafedrası və akademik Zərifə Əliyeva adına Lisey tərəfindən təşkil olunub.
Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlanmış, məktəblilərin iştirakı ilə ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.Sonra tədbir iştirakçıları Ümummilli Liderin 1995-1997-ci illərdə şəxsi kitabxanasından Azərbaycan Milli Kitabxanasına hədiyyə etdiyi kitablarla tanış olmuşlar.
Konfransda akademik Zərifə Əliyeva adına Liseyin direktoru Mehriban Vəliyeva ulu öndər Heydər Əliyevin təhsil, elm, mədəniyyət sahəsindəki xüsusi xidmətlərindən bəhs etmiş, gənc nəslə, onların bir şəxsiyyət kimi formalaşmasına daim böyük diqqət və qayğı göstərdiyini söyləmişdir. O qeyd etmişdir ki, Ulu Öndər mədəniyyətin inkişafına, kitabxanaların fəaliyyətinin yaxşılaşdırılmasına, kitabxana fondlarının müxtəlif məzmunlu və dəyərli nəşrlərlə formalaşmasına hər zaman böyük həssaslıqla yanaşmış, bu istiqamətdə müxtəlif rəsmi sənədlər imzalamışdır. Bu gün də bu uzaqgörən siyasətin uğurlu nəticələrindən danışmış, dahi rəhbərin ideyalarının ölkə başçısı cənab İlham Əliyev tərəfindən müvəffəqiyyətlə həyata keçirildiyini bildirmişdir. Sonra söz Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirova verilmiş, o, “Kitaba və mütaliəyə münasibətdə Heydər Əliyev nümunəsi” adlı məruzə ilə çıxış etmişdir. Kərim Tahirov Ulu Öndərin kitaba, kitabxanaya mənəviyyat, bilik, zəka mənbəyi kimi qiymət verməsi, mədəniyyətimizin ayrılmaz hissəsi olan kitabxanaların inkişafına Heydər Əliyev qayğısı və xüsusi diqqəti barədə ətraflı danışmış, Ulu Öndərin Milli Kitabxanaya hədiyyə etdiyi, özündə zəngin informasiyaları toplayan dəyərli mənbələr haqqında məlumat vermişdir. O həmçinin qeyd etmişdir ki, Ulu Öndərin bu təşəbbüsü və uzaqgörən siyasəti nəticəsiz qalmamış, onun ardınca ictimaiyyətin görkəmli elm və mədəniyyət xadimləri, ziyalılar Milli Kitabxanaya öz şəxsi kitablarını hədiyyə etmiş, beləliklə də kitabxananın fondu ilbə il elmi nəşrlərlə zənginləşmişdir.
Daha sonra BDU-nun Kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Knyaz Aslan “Yeniyetmələrin və gənclərin mənəvi tərbiyəsində Heydər Əliyevin zəngin irsinin əhəmiyyəti”, filologiya üzrə fəlsəfə doktoru, dosent Rasim Süleymanov “Ulu öndər Heydər Əliyev və Azərbaycanın kitab mədəniyyəti” mövzusunda çıxış etmişlər.
Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov da Ulu Öndərin milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasına və inkişaf etdirilməsinə xüsusi töhfələr verməsindən danışmış, bugünki təşəbbüsü yüksək qiymətləndirdiyini bildirmişdir. O qeyd etmişdir ki, gələcəkdə bu istiqamətdə sərgilərin digər məktəblərdə də keçirilməsi gənc nəslin inkişafında, ziyalı kimi yetişməsində məqsədəuyğun və faydalı olardı.
Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdirmişdir.