17-01-2018
Akademik Ramiz Mehdiyevin 2017-ci ildə işıq üzü görmüş “ADR-İran diplomatik münasibətləri Qafqaz Fövqəladə Komissiyasının sənədləri işığında (1919-1920-ci illər)” adlı kitabı Azərbaycan Milli Kitabxanasının fonduna daxil olmuş və bütün tədqiqatçı alimlərin, mütəxəssislərin, geniş oxucu kütləsinin istifadəsinə verilmişdir. Qeyd edək ki, kitab Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2017-ci il 16 may tarixində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinin qeyd edilməsinə dair imzaladığı Sərəncama əsasən çap edilmişdir.
Mühüm tarixi mənbələri özündə ehtiva edən bu kitabın ideyası və ön sözünün müəllifi və elmi redaktoru Azərbaycan respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevdir. Nəşrin fars dilindən tərcümə edənləri AMEA-nın Qafqazşünaslıq institutunun direktor müavini Ş.Yəhyayev, Uludağ Universitetinin doktorantı E. Abdullayev, tarixi qeydlərin müəllifləri isə ADU-nun Rusiyaşünaslıq Elmi-Tədqiqat Mərkəzinin baş elmi işçisi, fəlsəfə doktoru E. Əmirov və fəlsəfə üzrə fəlsəfə doktoru T.Hacıyevdir.
“Qafqaz Fövqəladə Komissiyasının sənədləri” adlanan və ilk dəfə olaraq ana dilində nəşr edilmiş diplomatik yazışmalar toplusu 1919-1920-ci illərdə İranla-Azərbaycan Xalq Cümhuriyyətinin siyasi əlaqələrinə dair mühüm tarixi məxəzlərdən biridir. Topluda Bakıda fəaliyyət göstərmiş İran nümayəndə heyətinin öz ölkəsinin rəhbərliyinə ünvanladığı məktublar, hesabat və analitik təhlillər öz əksini tapmışdır. Burada yalnız ADR-İran münasibətləri deyil, o dövrdə Qafqaz bölgəsində cərəyan edən siyasi proseslərin tədqiqi baxımından ciddi əhəmiyyətə malik 98 sənəd öz əksini tapmışdır. Nəşrdə uzun müddət məxfi xarakter daşımış və ictimaiyyətdən gizli saxlanmış sənədlərin ilk dəfə geniş təhlil edilməsi tədqiqatçı-alimlər, tarixçilər üçün böyük töhfədir.