close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Akademik Nərgiz Paşayeva” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub

13-12-2022

Dekabrın 13-ü Əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, AMEA-nın həqiqi üzvü, Rusiya Təhsil Akademiyasının akademiki, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri, Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin Azərbaycan tərəfdən rəhbəri Nərgiz Paşayevanın doğum günüdür.

Nərgiz Arif qızı Paşayeva 13 dekabr 1962-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1968-1978-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində təhsil almışdır. 1978-ci ildə BDU-nun Filologiya fakültəsinin əyani şöbəsinə daxil olmuş və 1983-cü ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir.

1983-cü ildə əyani aspiranturaya qəbul olmuş və “Sabirin novatorluğu” adlı dissertasiya işini müdafiə edərək 23 sentyabr 1987-ci ildə filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır.

1987-ci ilin mart ayından Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin “Azərbaycan ədəbiyyatı tarixi” kafedrasında assistent, müəllim, baş müəllim, dosent vəzifələrində, 1994-2008-ci illərdə isə Bakı Musiqi Akademiyasının “Dil və ədəbiyyat” kafedrasının müdiri vəzifəsində çalışmışdır.

2004-cü ildə “Müasir Azərbaycan ədəbiyyatında insanın bədii-estetik dərki (xalq yazıçısı Elçinin yaradıcılığı əsasında)” doktorluq dissertasiyasını müdafiə etmiş, 11 fevral 2005-ci ildə filologiya elmləri doktoru alimlik dərəcəsinə, 30 mart 2005-ci ildə isə professor elmi adına layiq görülmüşdür.

 2006-2008-ci illərdə Bakı Dövlət Universitetində Beynəlxalq əlaqələr üzrə prorektor vəzifəsində işləmişdir.

2006-cı ildən BDU-nun nəzdində fəaliyyət göstərən filologiya elmləri doktoru və fəlsəfə doktoru dissertasiyalarının müdafiəsini keçirən Dissertasiya Şurasının sədri, 2007-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

23 iyun 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti İ.Əliyevin 2886 saylı sərəncamı ilə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına rektor təyin olunmuş, 2009-cu ilin oktyabr ayından Bakı Dövlət Universitetinin “Klassik Azərbaycan ədəbiyyatı” kafedrasının müdiridir. 30 iyun 2014-cü ildə AMEA-nın müxbir üzvü, 2 may 2017-ci ildə AMEA-nın həqiqi üzvü, 8 iyun 2018-ci ildə AMEA-nın vitse-prezidenti, 27 fevral 2019-u ildə akademik V.Sadovniçinin təqdimatına əsasən, Rusiya Təhsil Akademiyasının akademiki (xarici üzvü) seçilmışdir.

 18 noyabr 2008-ci ildə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Rusiya Beynəlxalq elmi və mədəni əməkdaşlıq Mərkəzi tərəfindən Rusiya-Azərbaycan dostluq və əməkdaşlıq münasibətlərində göstərdiyi xidmətlərə görə “Dostluqda göstərdiyi xidmətlərə görə” nişanı ilə təltif olunmuş, Azərbaycan Respublikası Prezidentinin 30 avqust 2009-cu il tarixli Sərəncamı ilə Azərbaycan elminin inkişafında göstərdiyi xidmətlərə görə Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür.

 Mədəniyyət sahəsində göstərdiyi xidmətlərə görə 2011-ci ilin aprel ayında YUNESKO-nun “Mədəniyyətlərin müxtəlifliyinə görə” medalı ilə təltif olunmuşdur. Rusiya Federasiyasının Prezidenti D. Medvedevin 20 aprel 2011-ci il tarixli 483 saylı Sərəncamına əsasən Rusiya-Azərbaycan mədəni əlaqələrinin inkişafında və xaricdə rus incəsənətinin təbliğində göstərdiyi xidmətlərə görə Rusiya Federasiyasının ali dövlət mükafatı – “Dostluq” ordeni ilə, Macarıstan Prezidenti Pal Şmidtin 11 mart 2012-ci tarixli Sərəncamı ilə 30 aprel 2012-ci ildə Macarıstanın dövlət mükafatı “Xidmətlərə görə” Komandor xaç ordeni ilə, 2012-ci ildə “Ticarət, kommersiya və sənaye Avropa iqtisadi palatası”nın (“European Chamber of Trade, Commerce and İndustry – EEİG”) Qızıl ordeni ilə, Azərbaycan və Fransa əməkdaşlığının inkişafında göstərdiyi aramsız fəaliyyətinə görə 2013-cü ildə zabit dərəcəli “Akademik Palma” fransız ordeni ilə təltif olunmuş, 26 yanvar 2015-ci ildə Moskva Dövlət Universitetinin fəxri professoru diplomuna, 19 aprel 2017–ci ildə Azərbaycanda elm və təhsil sahəsində həyata keçirilmiş mühüm beynəlxalq layihə olan Oksford Universitetində Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin yaradılması və səmərəli fəaliyyətinin təmin edilməsindəki xidmətlərinə görə Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Qızıl medalına layiq görülmüşdür.

25 noyabr 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Şöhrət ordeni” ilə təltif olunmuşdur.

Nərgiz Paşayevanın doğum günü münasibətilə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Akademik Nərgiz Paşayeva” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə fotolar, Nərgiz Paşayevanın müəllifi olduğu əsərlər, eləcə də tərtibçisi və redaktoru olduğu kitablar, dövri mətbuat səhifələrində dərc olunan məqalələr nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər   http://anl.az/el/vsb/Nergiz_Pasayeva/index.htm linkindən istifadə edə bilərlər.