17-12-2021
Dekabrın 17-də Bakı Dövlət Universiteti, Kitabxanaçılıq-İnformasiya fakültəsi və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə Azərbaycanda kitabxanaşünaslıq elminin banisi, professor Abuzər Xələfovun 90 illik yubileyinə həsr olunmuş “Azərbaycanda kitabxana-informasiya fəaliyyəti üzrə kadr hazırlığı: ənənələr və müasirlik” mövzusunda Respublika Elmi Konfrans öz işini Milli Kitabxanada davam etdirib.
Konfransı giriş sözü ilə Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq iştirakçıları salamlayıb. O, bildirib ki, dünən Bakı Dövlət Universitetində başlayan professor Abuzər Xələfovun 90 illik yubileyinə həsr olunmuş “Azərbaycanda kitabxana-informasiya fəaliyyəti üzrə kadr hazırlığı: ənənələr və müasirlik” mövzusunda Respublika Elmi Konfransının ikinci günü Milli Kitabxanada davam edir. Direktor vurğulayıb ki, bu gün Azərbaycan kitabxanaçılarının ağsaqqalı, ölkəmizdə kitabxanaşünaslıq elminin banisi, BDU-da Kitabxanaçılıq-informasiya fakültəsinin özülünü qoyan, görkəmli kitabxanaşünas alim, professor Abuzər Xələfovun işığına toplanmışıq. Kərim Tahirov görkəmli alimin əməyindən, kitabxana sahəsində etdiyi xidmətlərdən danışaraq qeyd edib ki, biz hamımız Abuzər müəllimin yazdığı əsərlərdən, məqalələrdən bəhrələnmiş, onun əsərlərinə istinad etmişik. O, bildirib ki, biz hamımız Abuzər Xələfovun yaratdığı kitabxanaçılıq məktəbinin nümayəndələriyik. Hazırda ölkəmizdə ali təhsilli kitabxanaçı-biblioqraf kadrların hazırlanmasında Abuzər Xələfovun müstəsna xidmətləri vardır. Abuzər Xələfov kitabxanaçılıq işi tarixinə öz imzasını ömürlük qoyub. Kitabxanaçılıq işi yaşadıqca, var olduqca, Abuzər müəllimin əziz xatirəsi yaddaşlarda qalacaq.
BDU Kitabxanaçılıq-informasiya fakültəsinin dosenti, konfransın təşkilat komitəsinin sədri Ələmdar Cabbarlı çıxış edərək professor Abuzər Xələfovun 90 illik yubileyinə həsr olunmuş Elmi Konfransın ikinci günü olduğunu vurğulayıb. O, Milli Kitabxanaya, direktor Kərim Tahirova konfransı birgə keçirməyə razılıq verdiyinə görə öz təşəkkürünü bildirib. Ə.Cabbarlı vurğulayıb ki, Abuzər Xələfovun parlaq xatirəsini daim yaşadacayıq. Abuzər Xələfov çoxsaylı əsərləri var, amma onun ən böyük əsəri Kitabxanaçılıq-informasiya fakültəsidir. Çıxışının sonunda Ə.Cabbarlı Abuzər Xələfovun 70 illik yubileyində yazdığı şeiri iştirakçılara təqdim edib.
Kitabxanaşünaslıq kafedrasının müdiri, dosent Elçin Əhmədov çıxış edərək bildirib ki, dünən və bu gün konfransda çoxsaylı məruzələr dinlənilib, Abuzər Xələfovun elmi, pedaqoji fəaliyyətindən danışılıb. O, qeyd edib ki, Abuzər Xələfovun kitabxanaşünaslıq elminin inkişafında, elektron kataloqun, elektron kitabxananın yaradılmasında mühüm xidmətləri olub. Abuzər Xələfovun xidmətlərinin Ulu Öndərimiz Heydər Əliyev və möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən layiqincə qiymətləndirilməsi, alimin ali dövlət mükafatlarına, orden və medallara layiq görülməsi bilavasitə kitabxanaçılara verilən dəyərin ifadəsidir.
Konfrans zamanı Milli Kitabxananın Kitabxana-informasiya xidməti və beynəlxalq əlaqələr üzrə direktor müavini Ədibə İsmayılova “Azərbaycanda kitabxana elminin banisi Abuzər Xələfov” (http://anl.az/el/emb/A.Xelefov/index.html) adlı Elektron məlumat bazasını iştirakçılara təqdim edib. Elektron məlumat bazası “Rəsmi sənədlər”, “Həyat və yaradıcılığı”, “Həyat və fəaliyyətinin əsas tarixləri”, “Görkəmli şəxslər Abuzər Xələfov haqqında”, “Mükafatları”, “Əsərləri”, “Haqqında”, “Fotoqalereya” bölmələrindən ibarətdir.
Tədbirin davamında Biblioqrafiyaşünaslıq kafedrasının müdiri, dosent Nadir İsmayılov “Professor Abuzər Xələfov elmi irsinin inkişaf mərhələləri”, Kitabşünaslıq və Nəşriyyat işi kafedrasının müdiri, dosent Knyaz Aslan “Kitab və kitabxana mədəniyyəti tədqiqatları professor Abuzər Xələfovun elmi irsində”, Azərbaycan Milli Kitabxanasının Elmi işlər və informasiya resurslarının inkişafı üzrə direktor müavini, Əməkdar Mədəniyyət işçisi Mələk Xanım Hacıyeva “Azərbaycan kitabxanaşünaslığı beynəlxalq əlaqələr konteksində” mövzularında məruzə ilə çıxış ediblər.
Alimin oğlu, BDU-nun Hüquq fakültəsinin kafedra müdiri Elçin Xələfov çıxış edərək atasının elmi irsinə, tədris-pedaqoji fəaliyyətinə verilən yüksək qiymətə görə Milli Kitabxanaya Abuzər Xələfovun ailəsi adından minnətdarlığını bildirib.
Sonda iştirakçılara serifikatlar təqdim olunub və qonaqlar sərgi ilə tanış olublar.