close
icon E-kataloq və kitabxana

Milli Kitabxana “9 Noyabr Dövlət Bayrağı Günü” adlı sərgini virtual rejimdə istifadəçilərə təqdim etdi

09-11-2020

Hər bir dövlətin, millətin varlığını təsdiqləyən, əsrdən-əsrə, nəsildən-nəslə ərməğan olan, varlığını bildirən bayraqlar ululardan miras qalan müqəddəs əmanət, varlıq simvoludur. Tarixdə adını yaşadan sərkərdələrin düşmən üzərində qələbəsinin zəfər müjdəçisi adlandırılan bayrağımız alınmaz qala kimi toxunulmaz sayılmış, ucadan-uca hesab edilmişdir. Elə buna görə də daim başımızın üstündə saxladığımız bayrağımız sevincimizin şahidi, qələbə müjdədiçisi sayılır.

Azərbaycan bayrağı, bizim üçrəngli bayrağımız 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il noyabrın 17-də imzaladığı sərəncamı ilə noyabrın 9-u Azərbaycanın Dövlət Bayrağı Günü kimi təsis edilmişdir.

Bu münasibətlə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “9 Noyabr Dövlət Bayrağı Günü” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə Azərbaycanın görkəmli şəxsiyyətlərinin Azərbaycan bayrağı haqqında fikirləri, Dövlət bayrağımızın tarixi, fotolar, Azərbaycan Respublikasının dövlət rəmzləri haqqında kitablar və dövri-mətbuat səhifələrində dərc olunan materiallar əks olunub. Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Dovlet_bayragi_gunu/index.htm linkindən istifadə edə bilərlər.

Bu gün Azərbaycanın hər yerində dövlət bayrağı dalğalanır. Biz inanırıq ki, tezliklə işğal altında olan digər torpaqlarımızda da Azərbaycanın üçrəngli bayrağı qaldırılacaq. Eşq olsun, Azərbaycan bayrağına! Yaşasın, Azərbaycan! Qarabağ Azərbaycandır!