09-11-2021
9 Noyabr Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur. Azərbaycan bayrağı, bizim üçrəngli bayrağımız 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı sərəncamı ilə noyabrın 9-u Azərbaycanın Dövlət Bayrağı Günü kimi təsis edilmişdir.
Bayraq – bir ölkəni, təşkilatı, quruluşu və ya birliyi işarələyən, əsasən parçadan olan, dövlət rəmzi olub, müharibələr, inqilablar, nümayişlər zamanı öndə, insanların başı üzərində aparılan, müxtəlif rəsmi təşkilatların binalarının qarşısında dirəyə asılan və həmin təşkilatı təmsil edən, Vətən uğrunda şəhid olanların qəbirləri üzərinə salınan dövlət atributudur. Bayrağın üzərindəki hər rəng və simvol bir özəl məna daşıyır.
Azərbaycan Respublikasının dövlət atributlarından, dövlətçilik rəmzlərindən biri onun Milli Bayrağı – Dövlət bayrağıdır. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir.
9 Noyabr – Dövlət Bayrağı Günü ilə əlaqədar olaraq M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən eyniadlı sərgi hazırlanıb. Virtual sərgidə rəsmi sənəd, Azərbaycanın görkəmli şəxsiyyətlərinin Azərbaycan bayrağı haqqında fikirləri, Dövlət bayrağımızın tarixi, fotolar, Azərbaycan Respublikasının dövlət rəmzləri haqqında kitablar və dövri-mətbuat səhifələrində dərc olunan materiallar nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Dovlet_bayragi_gunu/index.htm linkindən istifadə edə bilərlər.