close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “8 Noyabr – Zəfər Günü” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim edilib

04-11-2022

8 Noyabr – Zəfər Günü kimi qeyd olunur.

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti təcavüz aktından sonra Azərbaycan Respublikası BMT-nin Nizamnaməsinin verdiyi özünümüdafiə hüququndan istifadə edərək, təcavüzkarı sülhə məcbur etmək, Azərbaycan torpaqlarının işğalına son qoymaq məqsədi ilə əks-hücum əməliyyatına başlamışdır.

Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri 44 gün davam edən Vətən müharibəsində heyrətamiz qələbələr əldə edərək dünya hərb tarixinə yeni şanlı səhifələr yazmışlar. İşğalçı qüvvələrə ağır zərbələr endirilmiş, onların çoxlu sayda canlı qüvvəsi və hərbi texnikası məhv edilmişdir. Ölkəmizin işğal altında olan ərazisinin böyük bir hissəsi, o cümlədən Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonları, Hadrut və Suqovuşan qəsəbələri, ümumən 300-ə yaxın yaşayış məntəqəsi azad edilmişdir. Vətən müharibəsinin ən şərəfli səhifələrindən biri noyabr ayının 8-də Qarabağın incisi və tacı, Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşanın əsarətdən xilas edildiyi gün olmuşdur.   

Azərbaycan Silahlı Qüvvələri qarşısında duruş gətirə bilməyəcəyini, məhvə məhkum olduğunu anlayan Ermənistan məğlubiyyətini etiraf etmişdir. Azərbaycan Silahlı Qüvvələrinin əldə etdiyi hərbi Zəfər siyasi müstəvidə qazanılan qələbə ilə tamamlanmışdır.

8 Noyabr Zəfəri müzəffər Ali Baş Komandanın yenilməz iradəsinin və  böyük sərkərdəlik məharətinin, Azərbaycan Silahlı Qüvvələrinin döyüş əzminin, rəşadətinin, yüksək hərbi-texniki, mənəvi-psixoloji hazırlığının və peşəkarlığının təntənəsi olmuşdur.

Zəfər Günü münasibətilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “8 Noyabr – Zəfər Günü” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə rəsmi sənəd, fotolar, mövzu ilə əlaqədar kitablar və dövri mətbuat səhifələrində dərc olunan məqalələr nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Zefer_gunu/index.htm   linkindən istifadə edə bilərlər.