15-12-2018
15 dekabr 2018-ci il saat 13:00-da Milli Kitabxananın nəzdində fəaliyyət göstərən Açıq kitabxanada Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Kitabxanası və Azərbaycan Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Yazıçılar Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, gənc şair Tural Turanın “… VƏ BÜTÜN QARANLIQ OTAQLAR” adlı şeirlər kitabının təqdimatı və imza mərasimi keçirilmişdir.
Tədbiri giriş sözü ilə Azərbaycan Milli Kitabxanasının direktor müavini Ədibə İsmayılova açaraq qonaqları salamlamış, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanasının birgə layihəsi əsasında 2016-cı il iyulun 15-də açılan, Azərbaycan Milli Kitabxanasının nəzdində fəaliyyət göstərən “Açıq kitabxana” nın fəaliyyəti haqqında tədbir iştirakçılarına məlumat vermişdir. Direktor müavini Açıq kitabxanada tez-tez belə kitab təqdimatlarının, poeziya gecələrinin keçirildiyinin ənənə halına çevrildiyini söyləmiş, gənc şair Tural Turanı kitabının təqdimatı münasibətilə təbrik etmiş, ona yaradıcılıq uğurları arzulamışdır. Sonra sözü tədbiri aparmaq üçün yazıçı-publisist Kənan Hacıya vermişdir.
Kənan Hacı Azərbaycan Yazıçılar Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, gənc şair Tural Turanın “...VƏ BÜTÜN QARANLIQ OTAQLAR” adlı, sayca beşinci, yeni şeirlər kitabı haqqında məlumat verdikdən sonra sözü yazıçı, telejurnalist Azər Qismətə vermişdir.
Azər Qismət tədbirə gələn qonaqları salamlamış, Tural Turanın gənc olmasına baxmayaraq ədəbi prosesdə fəal iştirak edən, daima öz üzərində çalışan çox istedadlı, işıqlı bir gənc olduğunu demişdir.
Tədbirdə şair Seyran İsmayıl, DGTYB Yönətim Kurulunun Başkan yardımçısı Əfsanə Bayramqızı, filoloq Tural Mirzəyev, gənc yazarlardan Şəhanə Müşfiq, Afət Natiq, Tural Cəfəri, Ulucay Akif və bir çox ziyalı insanlar, gənc şairin dostları cıxış edərək, Tural Turan və onun yaradıcılığı haqqında fikirlərini bölüşmüşlər.
Sonra Tural Turan öz şeirlərini tədbir iştirakçılarına oxumuşdur. O, çıxışında tədbirdə iştirak edənlərə minnətdarlığını bildirmiş və bu tədbirin təşkilinə görə Milli Kitabxananın rəhbərliyinə təşəkkürünü bildirmişdir.
Tədbir “...VƏ BÜTÜN QARANLIQ OTAQLAR” kitabının imzalanma mərasimi ilə bitmişdir.
Sonda bütün qonaqlar xatirə şəkli cəkdirmişlər.