close
icon E-kataloq və kitabxana

Xəzər rayonu 262 nömrəli tam orta məktəbin şagirdləri Azərbaycan Milli Kitabxanasında ekskursiyada olublar

22-04-2022

Aprelin 22-də Xəzər rayonu 262 nömrəli tam orta məktəbin VII-X sinif şagirdləri 23 Aprel – Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü ilə əlaqədar Azərbaycan Milli Kitabxanasında ekskursiyada olublar.  Şagirdlər Milli Kitabxananın binası ilə tanış olmuş, elektron kataloq və elektron kitabxanadan istifadə qaydaları haqqında məlumat almış, iş prosesini izləmişlər.

Kitabxananın sərgi zalında yer alan “18 aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü”, “Şuşa biz səni dirçəldəcəyik”, “Qarabağ  Azərbaycandır!”, “Məmməd Rahim – 115”  və digər sərgilərlə tanış olublar. Milli Kitabxananın “Nadir kitablar və kitabxana muzeyi” şöbəsində olarkən muzeydə qorunan unikal və miniatür kitablarla tanışlıq onlarda böyük maraq hissi oyadıb. Muzeydə qorunan “Əkinçi” qəzeti, “Molla Nəsrəddin” jurnalının ilk nömrəsi xüsusi olaraq onların diqqətini çəkib.

Uşaqları maraqlandıran suallar Milli Kitabxananın əməkdaşları tərəfindən cavablandırılıb.

Şagirdlər Milli Kitabxananın nəzdində fəaliyyət göstərən həftənin bütün günləri fasiləsiz 24 saat ərzində gənclərin və bütün vətəndaşların sərbəst şəkildə kitab mütaliə etməsinə şərait yaradan “Açıq Kitabxana” ilə tanış olublar. Uşaqlara Açıq Kitabxanada “Mən oxudum, sən də oxu” kitabı kitaba dəyişmə guşəsi, “Dövri mətbuat” və “Uşaq guşəsi” haqqında məlumat verilib.

Burada uşaqlar Açıq Kitabxananın fondunda olan kitablara nəzər salmış, məktəbin kitabxana müdiri Aytən xanım Məmmədovanın şair Əli Tudənin “Seçilmiş əsərləri”ndən mütaliəsini dinləyiblər.

Uşaqlara rəhbərlik edən müəllimələr Şəfa Fərəcova və Könül Priverdiyeva şagirdlərin Milli Kitabxanadan unudulmaz xoş hisslərlə ayrıldıqlarını xüsusi vurğulamış və gələcəkdə tələbə olaraq kitabxananın oxucusu olmalarını arzulamışdır.

 

icon

Foto qalereya