14-02-2022
14 fevral – Beynəlxalq Kitab Bağışlama Günüdür. Bu gün dünyanın bir çox ölkələrində qeyd edilir. Bu təşəbbüs ilk dəfə 2012-ci ildə ABŞ-da tanınmış uşaq kitabı saytı – “Delightful Children’s Books”un yaradıcısı Emmi Brodmur tərəfindən irəli sürülüb və ötən müddətdə sosial şəbəkələr vasitəsilə dünyada geniş dəstək qazanıb. 2013-cü ildə Cənubi Afrikadan Braziliyaya, Sinqapurdan İngiltərəyə, Hindistandan Yeni Zellandiyaya qədər fərqli ölkələrdən olan bloqqerlər birlikdə hərəkət edərək insanları həmin günü “uşaqlara kitab vermə günü” olaraq qeyd etməyə çağırıb. Bununla da dünyanın bir çox ölkəsində 14 fevral “Dövlətlərarası kitab vermə günü” olaraq qeyd olunmağa başlayıb. Bu, uşaqlara kitab bağışlayan və onlarda kitaba məhəbbət yaradan bütün insanları birləşdirən bir gündür.
Beynəlxalq Kitab Bağışlama Günü ilə əlaqədar Milli Kitabxananın əməkdaşları tərəfindən “14 Fevral – Beynəlxalq Kitab Bağışlama Günü” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə fotolar, mövzu ilə əlaqəli kitablar və dövri mətbuat səhifələrində dərc olunan məqalələr nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Beynelxalq_Kitab_Bagislama_Gunu/index.htm linkindən istifadə edə bilərlər.