close
icon E-kataloq və kitabxana

Milli Kitabxana “20 Yanvar – Qan Yaddaşımız” adlı sərgini virtual rejimdə istifadəçilərə təqdim etdi

19-01-2021

Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq 31 il keçir. Keçmiş Sovet Ordusunun həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixdə qalacaq. Milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə silahlı təcavüz nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.

Ümummilli Lider Heydər Əliyevin dediyi kimi, “Bizim xalqımız 20 Yanvar gününü heç vaxt unutmayacaqdır. Çünki o, ayrı-ayrı insanlara edilən qəsd, təcavüz deyildi. Bu, bütün Azərbaycan xalqına, Azərbaycan ölkəsinə edilən təcavüzdür. Bu təcavüz nəticəsində həlak olanlar xalq qəhrəmanıdır, onlar millətimizin qəhrəmanlarıdır”.

Anım günü münasibətlə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “20 Yanvar – Qan Yaddaşımız” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə Azərbaycanın görkəmli şəxsiyyətlərinin Qanlı Yanvar haqqında fikirləri, 20 Yanvar faciəsi haqqında kitablar, dövri-mətbuat səhifələrində dərc olunan materiallar və fotolar  əks olunub.

Virtual sərgi ilə tanış olmaq istəyənlər   http://anl.az/el/vsb/20_Yanvar_Qan_yaddasimiz/index.htm linkindən istifadə edə bilərlər.