02-02-2022
2 Fevral – Azərbaycan Gəncləri Günüdür. Bu əlamətdar tarixi gün gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən, bu siyasəti müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir.
Bu münasibətlə, M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən hazırlanan “2 Fevral – Azərbaycan Gəncləri Günü” adlı sərgi virtual rejimdə istifadəçilərə təqdim olunub. Virtual sərgidə görkəmli şəxslərin gənclər haqqında fikirləri, rəsmi sənədlər, fotolar, Azərbaycan gəncliyi, gənclər siyasəti, müasir gəncliyin problemləri haqqında kitablar və dövri mətbuat səhifələrində dərc olunan məqalələr nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/2_Fevral_Azerbaycan_Gencleri_Gunu/index.htm linkindən istifadə edə bilər.