18-10-2022
18 Oktyabr – Azərbaycanda Dövlət Müstəqilliyinin Bərpası Günü kimi qeyd olunur.
1991-ci ildə Sovetlər İttifaqının dağılması ilə Azərbaycan xalqı öz dövlət müstəqilliyini ikinci dəfə yenidən bərpa etmişdir. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının Ali Soveti Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul etmiş, Konstitusiya Aktı dekabrın 30-da ümumxalq səsverməsi, referendum vasitəsilə bəyənilmişdir. Bu aktla Azərbaycan Respublikasının dövlət müstəqilliyinin təmin olunması üçün hüquqi əsaslar yaranmış, ölkəmiz öz dövlət müstəqilliyini bütün dünyaya bəyan etmiş, Azərbaycanın dövlət bayrağı, himni və gerbi haqqında qanunlar qəbul edilmişdir. Respublikamızın dövlət müstəqilliyini dünyanın bütün ölkələri tanımış, Azərbaycan Birləşmiş Millətlər Təşkilatına daxil olmuş və dünyanın böyük beynəlxalq təşkilatlarının üzvü olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 oktyabr 2021-ci il tarixli “Müstəqillik Günü haqqında Azərbaycan Respublikasının Qanunu” ilə oktyabrın 18-i Müstəqilliyin Bərpası Günü elan edilmişdir.
Dövlət müstəqilliyimizin bərpası bizə azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşərək beynəlxalq hüququn subyektinə çevrilmək və demokratik, hüquqi, dünyəvi dövlət qurmaq imkanı yaratmışdır.
Şübhə yoxdur ki, Azərbaycan bundan sonra öz müstəqilliyini daha da möhkəmləndirəcək, gələcək nəsillər əmin-amanlıq şəraitində quruculuq işləri ilə məşğul olacaq, respublikamız dünyanın qüdrətli diyarlarından birinə çevriləcək.
Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “18 Oktyabr – Müstəqilliyin Bərpası Günü” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə fotolar, ölkəmizin müstəqillik tarixi, təhsil sistemi, inkişaf yolu, xarici siyasəti və s. ilə əlaqədar kitablar və dövri mətbuat səhifələrində dərc olunan məqalələr nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/dovlet_musteqilliyinin_berpasi_gunu/index.htm linkindən istifadə edə bilərlər.