18-04-2022
18 Aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür. Bu tarix YUNESKO-nun abidələrin və diqqətəlayiq yerlərin mühafizəsi məsələləri üzrə Beynəlxalq Şurasının 1983-cü ildə qəbul edilmiş qərarı əsasında qeyd olunur. Məqsəd dünya ictimaiyyətinin diqqətini maddi-mədəniyyət abidələrinin qorunmasına yönəltməkdir.
Tarixi abidələr – məqbərələr, saraylar, məbədlər, məscidlər, qəbiristanlıqlar, körpülər, ovdanlar, günbəzlər, minarələr və s. tarixi keçmişimizin maddi yadigarlarıdır. Onlar zamanın sərt sınaqlarına sinə gərərək bu günümüzə gəlib çatmışlar. Hər bir ölkənin tarixinin qədimliyi onun maddi-mədəniyyət yadigarlarının çoxluğu və qədimliyi ilə ölçülür.
Azərbaycanda da nadir tarixi memarlıq abidələri – Qobustan, Gəmiqaya, İstisu qayaüstü təsvirləri, Çıraqqala, Oğlanqala, Cavanşir, Gülüstan, Əlincə, Buğurd, Gələrsən-Görərsən kimi qalalarımız, Möminə xatın, Yusif ibn Küseyr, Olcaytu Xudabəndə məqbərələrimiz, Göy məscid, Şah Abbas məscidi, Gövhərağa məscidi, Cümə məscidi, Təzəpir məscidi kimi dini ibadətgahlarımız, Həşt behişt, Şirvanşahlar, İrəvan sərdar sarayı, Şəki xan sarayı və s. var.
18 Aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə bağlı Milli Kitabxananın əməkdaşları tərəfindən eyniadlı virtual sərgi hazırlanıb. Virtual sərgidə fotolar, tarixi abidələrimiz haqqında məlumatlar, eləcə də mövzu ilə əlaqəli materiallar nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Beynelxalq_abideler_ve_Tarixi_Yerler_Gunu/index.htm linkindən istifadə edə bilərlər.