close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “10 Dekabr – Beynəlxalq İnsan Hüquqları Günüdür” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub

09-12-2022

Dekabrın 10-u dünyada Beynəlxalq İnsan Hüquqları günü kimi qeyd olunur. “Bütün insanlar azad və bərabərdir” tezisinə əsaslanan Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası 10 dekabr 1948-ci ildə bu günü Beynəlxalq İnsan Hüquqları Günü olaraq qəbul etmişdi.

İnsan hüquqları, insanların təbii və dərrakədən irəli gələn subyektiv hüquqlarını təsvir edir. İnsan hüquqlarının əsas konsepsiyası ondan ibarətdir ki, bütün insanlar eyni hüquqlara malik olmalıdırlar və bu hüquqlar hər hansı bir izaha ehtiyac olmadan hər kəsə bərabər şəkildə aid edilməlidir.

Dövlət müstəqilliyini yenidən bərpa edən Azərbaycan demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunu seçmiş, BMT-nin İnsan hüquqları haqqında Ümumi Bəyannaməsinə və digər beynəlxalq konvensiyalara qoşulmuşdur. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul edilmiş Konstitusiya ölkəmizdə insan hüquq və azadlıqlarına əsaslanan yeni dövlət quruculuğunun əsasını qoymuş, hüquq islahatlarının keyfiyyətcə yeni mərhələsinin başlanmasına təkan vermiş, mühüm normativ-hüquqi aktlar və dövlət proqramları qəbul edilmiş, insan hüquqlarının təminatı sahəsində həyata keçirilən tədbirlərin mahiyyəti və konsepsiyası dəqiq müəyyənləşdirilmişdir.

Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən eyniadlı virtual sərgi hazırlanıb. Virtual sərgidə mövzu ilə əlaqəli kitablar və dövri mətbuat səhifələrində dərc olunan məqalələr nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Beynelxalq_Insan_Huquqlari_gunu/index.htm linkindən istifadə edə bilərlər.