close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “44 günün Şanlı Zəfəri” adlı ənənəvi kitab sərgisinin açılışı və “Talesizlər şəhəri” kitabının təqdimat mərasimi keçirildi

07-11-2023

Noyabr ayının 7-də Azərbaycan Milli Kitabxanasında “44 günün Şanlı Zəfəri” adlı ənənəvi kitab sərgisinin açılışı və Rəfiqə Sadıqovanın “Talesizlər şəhəri” kitabının təqdimat mərasimi keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və ərazi bütövlüyümüz uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov açaraq tarixi Zəfərimizin üç illiyi ilə bağlı Milli Kitabxanada açılan “44 günün Şanlı Zəfəri” adlı kitab sərgisi barədə ətraflı məlumat verib.

8 Noyabr - Zəfər Gününü Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun tariximizin səhifələrinə qızıl hərflərlə yazdığını bildirdi.  

Daha sonra Rəfiqə Sadıqovanın “Talesizlər şəhəri” kitabının təqdimatı baş tutub. Kitabda müharibənin acı səhnələrinin əks olunduğu bildirilib, bu qəhrəmanlıqların unudulmaması üçün həmin mövzuda yazılan kitabların geniş təbliğinin vacibliyi və Milli Kitabxananın bu sahədəki rolu diqqətə çatdırılıb.

Milli Məclisin deputatı, yazıçı, publisist Aqil Abbas çıxışında Vətən müharibəsində qazanılan tarixi qələbə münasibətilə qürur hissi duyduğunu və hadisələrin müəllif tərəfindən böyük məharətlə qələmə alındığını qeyd edib.

Milli Məclisin deputatı, Azərbaycan qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov çıxışında kitabdan uzaq düşən millətin məğlub olduğunu, Zəfər günü münasibətilə fəxarət hissi duyduğunu deyib. Kitabda Azərbaycan xalqının mənəviyyatının tərənnümündən söz açıb, gənclərin bu mövzuda yazılan kitablar vasitəsilə böyüdülüb tərbiyə edilməsinin vacibliyini vurğulayıb.

Sonda qonaqlar kitab sərgisi ilə tanış olublar.    

icon

Foto qalereya