19-03-2021
Novruz bayramı Azərbaycanda mənşəyi ən qədim bayramlardan biridir. “Novruz” fars sözü olub, “yeni gün” deməkdir. Təbiətin, həyatın oyanması Novruzdan başlanır.
Əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz insanlar arasında birliyin və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam bir təməl yaratmışdır. Novruzun fəlsəfəsində millətlərdən, xalqlardan öncəki mədəniyyətin, həyat tərzinin və təbiətə təsir etmək istəklərinin izləri qalmaqdadır. Novruz bayramı sağlamlığın, firavanlığın başlanğıcıdır.
Bu münasibətlə, M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Yurdumuza bahar gəlir” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə Novruz bayramı haqqında fotolar, Novruz adət-ənənələri, Novruz deyimləri, eləcə də mövzu ilə əlaqəli kitab və dövri mətbuat səhifələrində dərc olunan məqalələr nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/novruz/index.htm linkindən istifadə edə bilərlər.
Azərbaycan Milli Kitabxanası da bütün Azərbaycan xalqını milli bayramımız Novruz bayramı münasibətilə təbrik edir, xalqımıza xoş, firavan həyat, bahar təravətli günlər arzulayır.