25-02-2021
Fevralın 25-də Milli Kitabxanada Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan kitabxanaların iştirakı ilə Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş “Xocalı soyqırımı – 29” adlı videokonfrans və Əliağa Cəfərovun Türkiyədə nəşr edilmiş “Katliam” adlı kitabının onlayn təqdimatı keçirilib. Onlayn konfransda Respublikanın 60-a yaxın MKS-i və Respublika Kitabxanaları iştirak etmişdir.
Onlayn videokonfransı giriş sözü ilə Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq konfrans iştirakçılarını salamlamışdır. O, ilk öncə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusu tərəfindən 44 günlük müharibə nəticəsində qazanılan tarixi Qələbə münasibətilə konfrans iştirakçılarını təbrik etmişdir. O, qeyd edib ki, 3 dekabr tarixində işğaldan azad olunmuş bölgələrin 10 MKS rəhbərləri ilə keçirilən onlayn konfransda kitabxana direktorlarının müraciətlərinə əsasən Milli Kitabxana İFLA-ya həmin kitabxanaların hazırki vəziyyəti barədə müraciət göndərmiş, həmin müraciətdə 975 kitabxanamızın binalarının tamamilə dağıdılaraq yerlə yeksan olunması, onların 4,6 milyon nüsxədən artıq qiymətli kitab fondlarının yandırılması faktı əks olunmuşdur.
İFLA Prezidenti xanım Kristin Makenzinin cavab məktubunu iştirakçıların diqqətinə çatdıran direktor qeyd etmişdir ki, IFLA qərəzli şəkildə kitabxanalara, onların fondlarına, işçilərinə və istifadəçilərinə dəyən bütün zərərləri qınayır. Kitabxanaların və onların işçilərinin fəaliyyəti nəinki indiki dövrdə əhəmiyyətlidir, eyni zamanda gələcək nəsillərin də mövcud materiallardan istifadə etmələrini və öyrənə bilmələrini təmin edir. Sonra professor Kərim Tahirov bildirib ki, Xocalı soyqırımı XX əsrdə baş vermiş ən dəhşətli insan faciələrindən biridir. Soyqırım hadisəsi dünyanın bir çox yerlərində baş vermişdir. Lakin öz qəddarlığına görə Xocalı faciəsi digərlərindən fərqlənir. O, qeyd edib ki, 613 dinc sakin bir gecənin içində öldürülmüşdür. Kərim Tahirov vurğulayıb ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Karantin tədbirləri çərçivəsində Xocalı soyqırımının 29-cu ildönümünə həsr edilmiş tədbirlər planına əsasən Milli Kitabxana tərəfindən “Xocalı soyqırımı 29” (http://anl.az/down/Xocali_29.pdf) adlı metodik vəsait, “Xocalı Soyqırımı – 29” (http://anl.az/down/Xocali.29.pdf) adlı daycest də hazırlanaraq virtual rejimdə təqdim olunmuşdur. Daha sonra o, Əliağa Cəfərovun 4 hissədən ibarət “Qırğın” adlı kitabının qardaş Türkiyə Respublikasında “Katliam Hocalıda, kanlı gece” adı ilə kütləvi tirajla çap olunmasını Azərbaycan həqiqətlərini, xüsusilə erməni vandallarının Xocalı şəhərində vəhşiliklə törətdikləri soyqırım haqqında dəqiq faktları türkdilli oxuculara çatdırmaqda mühüm rol oynadığını qeyd etmişdir.
Onlayn konfransın davamında Milli Kitabxananın direktor müavini Ədibə İsmayılova çıxış edərək bildirib ki, Xocalı soyqırımı Azərbaycan tarixinin ən qanlı səhifələrindən biridir. Milli Kitabxana hər ildönümü ərəfəsində əyani tədbirlər, geniş kitab sərgiləri, eləcə də kitab təqdimatları keçirir, bu il isə bütün bu tədbirləri mövcud vəziyyətlə əlaqədar onlayn formada həyata keçirdi. O, Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunan “Xocalı 29”(http://anl.az/el/vsb/Xocali_soyqirimi_29/index.htm) adlı virtual sərgini, “Xocalı soyqırımı – Qan yaddaşımız!” adlı Elektron məlumat bazasını (http://anl.az/el/emb/Xocali-soyqirimi/index.html), “Tragedy of the 20th century – Khojaly genocide”(http://anl.az/el/vsb/Tragedy_of_the_20th_century_Khojaly_genocide/index.htm) adlı ingilis dilində elektron virtual sərgini, Açıq Kitabxana Könüllülər qrupu tərəfindən “Khojaly genoside”(http://anl.az/el/vsb/Khojaly_genocide/index.htm) adlı ingilis dilində fotosərgini də konfrans iştirakçılarına təqdim etmişdir. O, elektron məlumat bazasından danışaraq bildirib ki, baza “Rəsmi sənədlər”,“Xocalı rayonu”, “Xocalının Milli Qəhrəmanları”, “Soyqırım haqqında”, “Xocalı şəhidləri”, “Şahidlərin söylədikləri”, “Ermənilərdən etiraflar”, “Ermənilər tərəfindən dağıdılmış abidələr”, “Xocalıya ədalət kampaniyası”, “Xocalı soyqırımının tanınması”, “Xocalı soyqırımı mədəniyyətdə” və “Fotoqalereya” bölmələrindən ibarətdir.
Sonra “Katliam” kitabının müəllifi, professor Əliağa Cəfərov danışaraq, ilk öncə belə tədbiri keçirdiyinə görə Milli Kitabxanaya, direktor Kərim Tahirova öz təşəkkürünü bildirib. O, qeyd edib ki, Xocalı bizim hər zaman yaralı yerimizdir. II Qarabağ müharibəsi zamanı biz şəhidlər verməyimizə baxmayaraq Tarixi Zəfər qazandıq. Daha sonra o, müəllifi olduğu kitab barədə danışaraq vurğulayıb ki, Bakıda nəşr olunan “Qırğın” kitabını yazarkən çoxsaylı Xocalı şahidləri ilə görüşüb. Bu görüşlər zamanı daim onların necə erməni vandalizminə düçar olduqlarını, onlara qarşı ermənilərin necə vəhşicəsinə soyqırım etdiklərinin bir daha şahidi olduğunu qeyd edib. Kitabdan danışaraq o, bildirib ki, müəllif bu kitabı Qarabağ uğrunda şəhid olub adsız qəbirlərdə uyuyan – o taylı, bu taylı – azərbaycanlıların müqəddəs ruhuna həsr etmişdir. Erməni quldurlarının isğalçılıq siyasəti və törətdikləri Xocalı Soyqırımı barədə dəqiq məlumatlar təkzibolunmaz faktlarla 510 səhifəlik kitabda türkdilli oxuculara təqdim edilmişdir.
Sonra onlayn konfransda çıxış edən MKS direktorları tədbirin təşkilinə görə Milli Kitabxananın rəhbərliyinə təşəkkür edərək Xocalı soyqırımı, törədilən vəhşiliklər, cinayətlər haqqında danışıblar.