07-05-2021
May ayının 7-də Milli Kitabxanada Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin doğum günü ilə əlaqədar Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, YAP Səbail rayon təşkilatı və Milli Kitabxananın birgə təşkil etdiyi “Ulu Öndər Heydər Əliyevin həyatında kitab və mütaliənin rolu” mövzusunda tədbir və BDU-nun dosenti R.Süleymanovun “Ulu Öndər Heydər Əliyev və Azərbaycan kitab mədəniyyəti” kitabının təqdimat mərasimi keçirilib.
Tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq tədbir iştirakçılarını salamlayıb. O, qeyd edib ki, bu günlərdə Azərbaycan xalqı tarixi bir günü qeyd edir. Mayın 10-da nəinki Azərbaycanın, eləcə də dünyanın görkəmli və dahi şəxsiyyətlərindən biri olan Ulu Öndər Heydər Əliyevin doğum günüdür. Ümummilli lider Heydər Əliyev kitaba, kitabxanaya, ədəbiyyata, milli-mənəvi dəyərlərimizə mühüm əhəmiyyət verirdi. Bunun nəticəsidir ki, Ümummilli Liderimiz milli mədəniyyətin ayrılmaz tərkib hissəsi olan kitabxana işinin inkişafı sahəsində xeyli işlər görmüşdür. Kitab və kitabxana işinə yüksək qiymət verən, onu Azərbaycan mədəniyyətinin aparıcı sahəsi kimi dəyərləndirən Ulu Öndər kitabxana işinin inkişafına xüsusi yanaşırdı. Ulu Öndərin hakimiyyəti illərində bir sıra şəhərlərdə və rayon mərkəzlərində yeni kitabxana binalarının tikilməsi, respublika kitabxana şəbəkəsinin sürətli inkişafı, kitabxanaçı kadrların hazırlanması sahəsində səmərəli tədbirlərin həyata keçirilməsi, kitabxanaların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində möhtəşəm işlərin görülməsi buna əyani sübutdur.
Direktor onu da qeyd edib ki, 1995-1997-ci illərdə Ulu Öndər Milli Kitabxananı 4 dəfə ziyarət etmiş və ilk gəlişində bu kitabxanaya öz şəxsi kitabxanasından 300 nüsxəyə yaxın kitab hədiyyə etmişdir. O, bildirib ki, bu gün toplandığımız “Heydər Əliyev guşə”si keçən il dekabr ayında Azərbaycan Respublikası Mədəniyyət naziri Anar Kərimovun iştirakı ilə açılmışdır. İnanırıq ki, bu guşə gənclərimizin sevimli məkanına çevriləcəkdir. Guşədə Ulu Öndərin Milli Kitabxanaya hədiyyə etdiyi kitablar, onun öz kitabları və haqqında yazılan kitablar, Milli Kitabxanada olarkən çəkilən şəkillər, Məkkədən gətirdiyi və Milli Kitabxanaya hədiyyə etdiyi “Qurani Kərim”, habelə kitabxanada olarkən etdiyi çıxışların lent yazılarının nümayiş olunduğunu tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Sonra o, bildirib ki, bu gün Sizə təqdim etdiyimiz kitabda Azərbaycan tarixini, mədəniyyətini və ədəbiyyatını dərindən bilən, onu böyük məhəbbətlə sevən yüksək qiymətləndirən xalqımızın Ümummilli lideri Heydər Əliyevin Azərbaycanın kitab mədəniyyəti, kitabçılıq işi, kitab və onun nəşri məsələləri ilə əlaqədar diqqət və qayğısı, eyni zamanda onun zəngin irsi və Ulu Öndərə həsr olunmuş fundamental əsərlər araşdırılmış və tədqiq edilmişdir.
Azərbaycan Respublikası Mədəniyyət Nazirinin birinci müavini Vaqif Əliyev giriş nitqi ilə çıxış edərək bildirib ki, bir neçə gün sonra Azərbaycan xalqı öz Ümummilli liderinin doğum gününü qeyd edəcəkdir. O, bildirib ki, Heydər Əliyev 80 illik həyatında çox mənalı bir ömür yaşayıb. Onun istər Sovet hakimiyyəti illərində, eləcə də müstəqillik illərində Azərbaycan dövləti qarşısında misilsiz xidmətləri olmuşdur. Bu gün Azərbaycanın müstəqil və qüdrətli bir ölkəyə çevrilməsinin bünövrəsini də məhz Heydər Əliyev qoymuşdur. Heydər Əliyev daim Vətənini, onun gələcəyini düşünürdü. Onu da qeyd edək ki, bir neçə ay öncə hörmətli cənab Prezidentimiz və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan ordusunun xalqımıza qazandırdığı möhtəşəm tarixi qələbə də Ulu Öndərin ideyalarının təntənəsi, onun arzularının həyata keçməsi deməkdir. Ölkəmizin Qələbə qazanmasında, işğal altında olan torpaqlarımızın azad olunmasında bir vaxtlar Heydər Əliyevin böyük uzaqgörənliklə yaratdığı Naxçıvanski adına Hərbi Məktəbin yetirmələrinin xüsusi rolu olmuşdur.
Nazir müavini qeyd etmişdir ki, Ulu Öndərimiz Heydər Əliyevin Azərbaycan qarşısındakı ən əhəmiyyətli xidmətlərindən biri də özü qədər inandığı bir yetirməsini xalqına rəhbərlik etmək üçün tövsiyə etməsi olmuşdur. Yaxın 17 illik tariximiz bir daha sübut edir ki, Ulu Öndər öz seçimində yanılmamışdır və onun layiqli davamçısı olan cənab İlham Əliyev atasının başladığı işləri çox böyük uğurla davam etdirərək ona da baş ucalığı gətirmişdir.
Sonra YAP Səbail rayon təşkilatının sədri, professor Şəmsəddin Hacıyev çıxış edərək bildirib ki, bu gün böyük tarixi bir gündür. Biz hər il Ümummilli lider Heydər Əliyevin doğum gününü qeyd edirik, lakin bu il tamam ayrı əhval-ruhiyyə ilə qeyd edirik. Belə ki, Ulu Öndərin ən böyük arzusu olan işğal altında olan torpaqlarımız artıq azaddır. Bu il biz qalib xalq olaraq bu günləri qeyd edirik. Heydər Əliyevin Azərbaycan dövləti, xalqı qarşısında olan xidmətləri haqqında nə qədər danışsaq azdır. Məhz onun hakimiyyəti illərində Azərbaycan dövləti öz sosial-iqtisadi inkişafını əldə etmişdir.
Tədbirin davamında Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov; Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”-in baş redaktoru Rəşad Məcid; Ümummilli lider Heydər Əliyevin həyatında kitab və mütailənin rolu haqqında çıxışları da dinlənilib.
BDU-nun Kitabşünaslıq və nəşriyyat işi kafedrasının dosenti “Ulu Öndər Heydər Əliyev və Azərbaycan Kitab mədəniyyəti” kitabının müəllifi Rasim Süleymanov çıxış edərək bildirib ki, Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir. O, bildirib ki, Ümummilli liderə həsr olunmuş bu kitabda Ulu Öndərin həyatımızın bütün sahələrini əhatə edən zəngin elmi-nəzəri irsinin araşdırılmasına, öyrənilməsinə geniş yer ayrılmış və bu məsələlər ardıcıllıqla təhlil olunmuşdur. Respublikamızda və dünyada görkəmli ictimai-siyasi, dövlət və elm xadimlərinin Heydər Əliyevə və onun zəngin irsinə həsr etdikləri fundamental nəşrlərin və elmi əsərlərin gələcək nəsillərə çatdırılması məsələləri də burada ümumiləşdirilmişdir.
Sonda tədbir iştirakçıları “Heydər Əliyev guşə”sində nümayiş olunan materiallarla tanış olublar.