close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Nizami Gəncəvi və Yunus Əmrə: ortaq milli dəyərlərimiz” mövzusunda dəyirmi masa keçirilib

15-07-2021

İyul ayının 15-də Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Kitabxana və Nəşriyyat işi üzrə mütəxəssislərindən və Türkiyə Milli Kitabxanasının direktorundan ibarət nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb. Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Kitabxana və Nəşriyyat işi üzrə mütəxəssislərindən və Türkiyə Milli Kitabxanasının direktorundan ibarət nümayəndə heyəti ilk öncə Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət ediblər. Daha sonra Milli Kitabxanada olan qonaqlar “Heydər Əliyev guşəsi”, “Beynəlxalq Əməkdaşlıq zalı”, “Nadir kitablar və kitabxana muzeyi”, Sərgi zalı, kitabxana fondu ilə tanış olublar.

Sonra Milli Kitabxanada Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun və Milli Kitabxananın birgə təşkilatçılığı ilə “Nizami Gəncəvi və Yunus Əmrə: ortaq dəyərlərimiz” mövzusunda dəyirmi masa keçirilib.

         Tədbiri giriş sözü ilə Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq qonaqları salamlayıb. Onları Milli Kitabxanada görməyindən məmmun olduğunu bildirib. Direktor çıxışı zamanı bu ilin ölkə prezidenti cənab İlham Əliyev tərəfindən dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə “Nizami Gəncəvi ili” elan edilməsinin əhəmiyyətindən danışıb.

Direktor qeyd edib ki, Yunus Əmrənin Türkiyə-Anadolu ədəbiyyatı tarixində olduğu kimi, Azərbaycan poeziyasının inkişafında da özünəməxsus yeri vardır. Yunus Əmrə məhz qədim ozan şerimizin yetişdirdiyi kamil sənətkar, aşıq-ozan olub, zəmanəsinin və sonrakı dövrlərdəki aşıq poeziyasının inkişafında mühüm rol oynamış şəxsiyyətdir.

Giriş sözü ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri Akif Marifli çıxış edərək qonaqları salamlayıb. O, bildirib ki, istər Nizami Gəncəvi, istərsə də Yunus Əmrə türk dünyasının, ədəbiyyatının görkəmli simalarındandır.

         AMEA-nın Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli məruzə ilə çıxış etmişdir. Məruzəsinə Füzulidən beyt ilə başlayan akademik bildirib ki, həm Nizami Gəncəvi, həm də Yunus Əmrə türk dünyasının dahi mütəfəkkirlərindəndir. XII əsrdə yaşamış Nizami, XIII əsrdə yaşamış Yunus Əmrə yaradıcığında ortaq cəhətlər vardır. Belə ki, hər iki şairin yaradıcılığında tanrıya dərin məhəbbət, insan sevgisi, eləcə də kamil insan mövzusu mühüm əhəmiyyət kəsb edir. Onların əsərlərinin əsas motivində kamil insan durur. Hər iki şair türkləri mərd, cəsur, insanpərvər şəxs kimi tərənnüm ediblər. Teymur Kərimli onu da qeyd edib ki, Nizami Gəncəvi ilə Yunus Əmrə yaradıcılığının əsas fərqli xüsusiyyəti ondan ibarət idi ki, Nizami farsca, Yunus Əmrə isə türk dilində yazıb yaratmışdır. Lakin Nizaminin əsərlərinin farsca olması onu bizdən uzaqlaşdırmır, onun əsərlərində türkçülük, insanpərvərlik, türk ideyaları hiss olunur. Həmçinin o, bildirib ki, Nizami Gəncəvi türkcə düşünüb farsca yazan şairlərimizdən biridir.

Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Kitabxanalar və Yayımlar baş idarəsinin müdiri, Türkiyə Milli Kitabxanasının direktoru Əli Odabaş çıxış edərək qardaş Azərbaycanda, eləcə də Milli Kitabxanada olmalarından şad olduqlarını bildirib. O, qeyd edib ki, bu il Azərbaycanda Nizami Gəncəvinin anadan olmasının 880 illik münasibətilə “Nizami Gəncəvi ili”, Türkiyədə isə Yunus Əmrənin vəfatının 700 illiyi münasibətilə “Yunus Əmrə ili” elan olunmuşdur. Hər iki şair türk millətinin, türk dünyasının görkəmli şəxslərindəndir. O, bildirib ki, türk dünyasının Dərviş Yunus Əmrə adlandırdığı Yunus Əmrə yaradıcılığında saf ana dilində yazdığı şeirlər daha ön planda olmuşdur.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun əməkdaşı Afət Kazımbəyli çıxış edərək bildirib ki, türk dünyasının  hər iki mütəfəkkiri öz yaradıcılıqlarını bizlərə miras buraxıblar. Azərbaycanda “Nizami Gəncəvi ili”, Türkiyədə “Yunus Əmrə ili” qeyd olunması hər iki ölkə başçısının mədəniyyətə, ədəbiyyata verdiyi önəmin bir hissəsidir. O, bildirib ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu da bir sıra layihələr həyata keçirib. Bunlardan biri də Üç Ozan layihəsidir ki, həmin layihə də Yunus Əmrə, Aşıq Ələsgər və M.Cumabayevi əhatə edir.

Tədbirdə eyni zamanda Türkiyə Cümhuriyyətinin Azərbaycan Respublikasındakı səfirliyinin II katibi Gözdə Çağdaş; Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”-in baş redaktoru Rəşad Məcid; Kitabxanalar və Yayımlar baş idarəsində müdir müavini Taner Beyoğlu; Kitabxanalar və Yayımlar baş idarəsində bölmə rəhbəri Ahmet Aldemir; Kitabxanalar və Yayımlar baş idarəsində Mədəniyyət və Turizm məsələləri üzrə mütəxəssis Fatih Özdemir  iştirak ediblər.

Tədbirin sonunda Azərbaycan Milli Kitabxanasının Kitabxana-informasiya xidməti və beynəlxalq əlaqələr üzrə direktor müavini Ədibə İsmayılova “Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi”, “Yunus Əmrə” adlı virtual sərgiləri və “Böyük Azərbaycan şairi Nizami Gəncəvi” adlı Elektron məlumat bazasını qonaqlara təqdim edib.

Daha sonra Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Milli Kitabxananın və Türkiyəli nümayəndələrin iştirakı ilə Avtomatlaşdırılmış Kitabxana İnformasiya Sistemləri, Beynəlxalq Kitab Eyniləşdirmə standartları (İSBN, İSSN və s.) təcrübə mübadiləsi ilə əlaqədar işgüzar görüş keçirilib. Görüş zamanı qonaqlar Türkiyə kitabxanaları, tətbiq olunan avtomatlaşdırma sistemləri, yaradılan yeni formalı kitabxanalar barədə öz təcrübələrindən danışıblar. Həmçinin, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Milli Kitabxananın əməkdaşları və Türkiyəli qonaqlar İSBN, İSSN Beynəlxalq Standart nömrələri barədə fikir mübadiləsi aparıblar.

Türkiyəli qonaqlar “Dünya mirası İstanbul”, “Osmanlı resim sanatı” və xüsusi suveniri Milli Kitabxanaya hədiyyə ediblər.

 

icon

Foto qalereya