close
icon E-kataloq və kitabxana

Tarix İnstitutu son illərdə xarici dillərdə nəşr etdiyi Azərbaycanın tarixinə dair kitabların xarici ölkə milli kitabxanalarına göndərilmək məqsədilə Milli Kitabxanaya təqdim edib

07-02-2020

Fevralın 7-də Milli Kitabxanada Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, AMEA Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutu və Azərbaycan Milli Kitabxanası birgə AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun son illərdə xarici dillərdə nəşr etdiyi Azərbaycanın tarixinə dair kitabların xarici ölkə milli kitabxanalarına göndərilmək məqsədilə M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasına təqdimetmə mərasimini keçirib.

Tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq bildirib ki, kitabxana Tarix İnstitutu ilə sıx əməkdaşlıq edir. İnstitutda Qarabağın, İrəvanın, Naxçıvanın, soyqırımlarının və itirilmiş torpaqların tarixi araşdırılaraq, tarixi həqiqəti əks etdirən əsərlər yazılıb. Elmi müəssisə əsərlərin xarici dillərdə nəşr olunması və dünya ölkələrində yayılmasını diqqət mərkəzində saxlayır. Professor bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan həqiqətlərinin dünyada geniş təbliği olunmasını ən vacib məsələ kimi elm müəssisələrinin, mədəniyyət ocaqlarının qarşısında qoyub. Bu gün Milli Kitabxana dünyanın 70-ə yaxın ölkəsinin milli kitabxanaları ilə beynəlxalq əməkdaşlıq edir, eyni zamanda il ərzində ölkəmizi onlarla beynəlxalq kitab sərgilərində təbliğ edir. Xarici dillərdə Azərbaycanın tarixi reallıqlarını əks etdirən kitabların nəşr olunmasınının vacibliyini qeyd edən prof. Kərim Tahirov Tarix İnstitutunun həyata keçirdiyi bu layihənin Azərbaycan tarixi üçün böyük əhəmiyyət daşıdığını bildirib. Qeyd edib ki, Milli Kitabxana həmin nəşrləri dünyanın aparıcı kitabxanalarına göndərilməsini həyata keçirəcək.

Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov çıxışında deyib ki, cənab Prezident İlham Əliyevin təşəbbüsü, çağırışları və tapşırıqları əsasında son illərdə Tarix İnstitutunda 500-ə yaxın tədqiqat əsəri, o cümlədən dünyanın müxtəlif dillərində - rus, ingilis, alman, fransız, ispan, italyan, ərəb, gürcü, fars, erməni və başqa dillərdə kitablar işıq üzü görüb. Xarici dillərdə olan nəşrlər arasında “Heydər Əliyev ideyalarının zəfər yürüşü”, “Azərbaycan: qısa dövlətçilik tarixi”, “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi”, “Real tarix və “Böyük Ermənistan” uydurması”, “1918-1920-ci illərdə Azərbaycanın türk-müsəlman əhalisinin soyqırımı”, “Saxtakarların yalançı elmi, yaxud ermənisayağı “tarix”, İrəvan xanlığının tarixi ilə bağlı broşürlər və digər kitablar var.

AMEA-nın I vitse-prezidenti yanında fəaliyyət göstərən ictimai elmlər üzrə Elmi Şuranın sədr müavini, akademik Nərgiz Axundova qeyd edib ki, bu gün Tarix İnstitutunun nəşrləri türk, ingilis, rus, ərəb, alman, fransız, italyan və başqa dillərdə oxunur: “Azərbaycan tarix elmi İrəvan xanlığına, Qarabağ və Naxçıvan tarixinə həsr olunmuş fundamental əsərlərdə erməni saxtakarlarını ifşa edib. Dövlət başçısı bütün bu uğurlara görə institutun 13 əməkdaşını Azərbaycanın Dövlət mükafatına layiq görüb”.

Sonda Nərgiz Axundova Yaqub Mahmudova Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının “Türk dünyasında ilin elm adamı” beynəlxalq mükafatını və İsveçrənin Cenevrə şəhərində fəaliyyət göstərən “UN Council for Public Awards” (UNCOPA) təşkilatının “Avropa lideri ulduzu” ordenini təqdim edib. Yaqub Mahmudova akademiyanın mükafatı 2019-cu ildəki uğurlarına görə, təşkilatın ordeni isə dünya elmi və təhsilindəki xidmətlərinə görə verilib.

Xatırladaq ki, Yaqub Mahmudov bundan əvvəl Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçilib və türk dünyası elmi və təhsilinə verdiyi böyük töhfələrə görə akademiyanın “Beynəlxalq Qızıl Ulduz” medalı və Beynəlxalq Atatürk Mükafatı ilə təltif edilib.