28-02-2020
Fevral ayının 28-də Qazaxıstan Respublikasının Azərbaycandakı səfiri cənab Serzhan Abdykarımov Milli Kitabxanada olub.
Kitabxananın direktoru prof. Kərim Tahirov qonaqları qəbul edərək onların Azərbaycan Milli Kitabxanasında olmasından məmnun olduğunu qeyd edib. O, Milli Kitabxana haqqında qonaqlara məlumat vermiş, kitabxananın beynəlxalq əlaqələrindən, kitabxanada həyata keçiriləcək yeni layihələrdən danışmışdır. Direktor Azərbaycan Milli Kitabxanası ilə Qazaxıstan Milli Kitabxanaları arasında həyata keçirilən informasiya, təcrübə, kitab mübadiləsinin böyük əhəmiyyət kəsb etdiyini söyləmişdir.
Kərim Tahirov çıxışında vurğulayıb ki, 27-29 sentyabr VI Bakı Beynəlxalq Kitab Sərgi Yarmarkası çərçivəsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Azərbaycan Respublikası Mədəniyyət Naziri cənab Əbülfəs Qarayevin iştirakı ilə Milli Kitabxanada “Beynəlxalq Əməkdaşlıq Zalı”nın açılış mərasimi keçirilib. Onu da qeyd edib ki, “Beynəlxalq Əməkdaşlıq Zalı”nın açılışında 13 ölkənin Azərbaycandakı diplomatik nümayəndələri və kitabxanaların rəhbərləri də iştirak edib. Prof. Kərim Tahirov bildirib ki, “Beynəlxalq Əməkdaşlıq Zalı”nda 13 ölkənin ədəbiyyatına dair yaradılmış daimi guşədə qazax ədəbiyyatı da xüsusi yer alır.
Söhbət zamanı cənab Serzhan Abdykarımov Milli Kitabxanada olmasından məmnunluğunu ifadə edərək, gələcək əməkdaşlıq barədə fikirlərini qeyd edib. O, bildirib ki, iki ölkə arasında olan əməkdaşlığı inkişaf etdirmək, birgə layihə və tədbirlər keçirmək əsas məqsədlərdən biridir.
Daha sonra Milli Kitabxananın direktoru Kərim Tahirov cənab Serzhan Abdykarımovun Milli Kitabxanaya hədiyyə etdiyi qiymətli kitablara görə dərin minnətdarlığını bildirib və öz növbəsində “Milli Kitabxana. Fotoalbom” (Azərbaycan, rus və ingilis dillərində), “Qobustan – minilliklərin kitabı” (Azərbaycan və rus dillərində), “Расим Алиев. Воспоминания” adlı kitabları, Azərbaycan Respublikasının xəritəsini və Milli Kitabxanadan xatirə suvenirini qonağa hədiyyə edib.
Həmçinin qonaqlar Milli Kitabxananın “Beynəlxalq Əməkdaşlıq Zalı” ilə tanış olublar.
Görüşün sonunda xatirə şəkili çəkilib.