11-06-2021
Bu il dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyi tamam olur. Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir. Nəhəng sənətkarın xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlamaqdadır.
Dahi şairin 880 illik yubileyi münasibətilə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 5 yanvar 2021-ci il tarixli Sərəncamı ilə 2021-ci ili “Nizami Gəncəvi İli” elan etmişdir.
Həmin sərəncamı və Mədəniyyət Nazirliyinin Tədbirlər Planını əsas tutaraq M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası “Nizami Gəncəvi – 880” adlı elektron daycest hazırlayıb.
Təqdim olunan elektron daycestdə - (“digest” - ingilis dilindən tərcümədə “xülasə”, “toplu” mənasını verir) Nizami Gəncəvi haqqında 2017-2021-ci illərdə (may ayına qədər) dövri mətbuat səhifələrində dərc edilmiş 150-dən artıq məqalə araşdırılmış və seçmə yolu ilə istifadəçilərin diqqətinə çatdırılmışdır.
Elektron daycestin hazırlanmasında əsas məqsəd geniş istifadəçi kütləsini görkəmli şairin həyat və yaradıcılığı, ölməz irsi haqqında dərc olunmuş materiallarla tanış etməkdən ibarətdir. Elektron daycestdə məqalələr illər üzrə, daxildə isə əlifba ardıcıllığı ilə verilmişdir.
Elektron daycest ilə tanış olmaq istəyənlər http://anl.az/down/Nizami.Gencevi.pdf linkindən istifadə edə bilərlər.