close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Milli Qurtuluş günü”nə həsr olunmuş tədbir və Əməkdar elm xadimi, professor Qəzənfər Paşayevin “Xilaskarlar” kitabının təqdimat mərasimi keçirilib

14-06-2021

İyunun 14-də Milli Kitabxanada Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, YAP Səbail rayon təşkilatı və Milli Kitabxananın birgə təşkilatçılığı ilə “Milli Qurtuluş günü”nə həsr olunmuş tədbir və Əməkdar elm xadimi, professor Qəzənfər Paşayevin “Xilaskarlar” kitabının təqdimat mərasimi keçirilib.

Tədbiri kitabxananın direktoru, professor Kərim Tahirov açaraq qonaqları salamlayıb. Direktor vurğulayıb ki, Azərbaycan xalqı, Azərbaycan sevərlər bu günlərdə Milli Qurtuluş Gününü qeyd edir. Milli Qurtuluş Günü müstəqilliyimiz tarixinə daxil olan ən gözəl bayramlardan biridir. O, bildirib ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycan xalqını böyük bəladan xilas etmişdir. Xalqın müqəddəratında müstəsna rol oynayan Ulu Öndərimiz tariximizə xilaskar kimi daxil olmuşdur.

 Sonra o, qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusu tərəfindən 44 günlük müharibə nəticəsində erməni işğalı altında olan torpaqlarımız azad olunmuşdur. Cərəyan edən hadisələrdən nəticə çıxararaq professor Qəzənfər Paşayev “Xilaskarlar” kitabını yazmışdır.

Həmçinin, o, qeyd edib ki, oxuculara təqdim olunan “Xilaskarlar” kitabı professor Qəzənfər Paşayevin azərbaycançılıq tədqiqatlarında yeni hadisədir. Bu vaxta qədər azərbaycançılıq ideallarından əsasən elm və ədəbiyyat baxımından söz açan Qəzənfər Paşayev “Xilaskarlar” kitabında ilk dəfə olaraq azərbaycançılıqdan ictimai-siyasi müstəvidə bəhs etmişdir.

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva giriş sözü ilə çıxış edərək ilk öncə Milli Qurtuluş Günü öncəsi belə bir tədbirin təşkilinə görə öz təşəkkürünü Milli Kitabxana rəhbərliyinə bildirdi. Milli Qurtuluş Günü Azərbaycan üçün xüsusi əhəmiyyətli günlərdən biridir. Belə ki, həmin tarixdə Azərbaycan parçalanma təhlükəsindən xilas olmuşdur. Həmin xilası isə Ulu öndərimiz Heydər Əliyev həyata keçirmişdir.

Heydər Əliyevin Azərbaycan dövləti, Azərbaycan xalqı qarşısında misilsiz xidmətləri olmuşdur. Biz Ulu Öndərimizin Azərbaycan xalqı, ölkəmiz üçün gördüyü xidmətləri sadalamaqla bitirə bilmərik. Daha sonra o, professor Qəzənfər Paşayevə “Xilaskarlar” kitabını yazmasına görə öz təşəkkürünü bildirdi.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “Kitab dövriyyəsi və nəşriyyatlarla iş” şöbəsinin müdiri Akif Marifli çıxış edərək bildirib ki, Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan günlərdən biri də 15 İyun – Milli Qurtuluş Günüdür. Həmin gün böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Belə ki, Ulu öndər Heydər Əliyev Azərbaycanı böyük bir xausdan, parçalanma təhlükəsindən xilas edərək xalqımızın yaddaşında əbədi xilaskar adını qazanmışdır. O, bildirib ki, 44 günlük Qarabağ müharibəsi zamanı Mədəniyyət Nazirliyi vətənpərvərlik ruhunda müsabiqə keçirmişdir. Həmin müsabiqə zamanı yazılanları biz qürur duyaraq oxuyurduq. Sonra o, professor Qəzənfər Paşayevə kitabı yazmasına görə öz təşəkkürünü bildirdi.

Tədbir zamanı Milli Kitabxana tərəfindən hazırlanan “15 iyun – Milli Qurtuluş Günü” mövzusunda virtual sərgi nümayiş olunub.

AMEA-nın vitse-prezidenti, Milli Məclisin üzvü İsa Həbibbəyli məruzə ilə çıxış edərək bildirib ki, məhz bu günlərdə Milli Qurtuluş Günü ərəfəsində professor Qəzənfər Paşayevin müəllifi olduğu “Xilaskarlar” kitabının təqdim olunması mühüm əhəmiyyətə malikdir. Bu kitab professor Qəzənfər Paşayevin yaradıcılığında özünəməxsusluğu ilə seçilir. “Xilaskarlar” kitabı prof. Q.Paşayevin Azərbaycan ziyalılarına, oxucularına bir töhfəsidir. Bu kitabda Ümummilli lider Heydər Əliyev və Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev epoxası ümumiləşdirilib.

Azərbaycanda Atatürk Mərkəzinin direktoru, Milli Məclisin üzvü, akademik Nizami Cəfərov çıxış edərək ilk öncə pandemiya dövrünün məhdudiyyətlərinə baxmayaraq gözəl tədbirlər təşkil etdiyinə görə Milli Kitabxana rəhbərliyinə öz təşəkkürünü bildirib. O, qeyd edib ki, professor Qəzənfər Paşayevin yaradıcılığında çoxsaylı kitablar vardır, onların içərisində xüsusi çəkisi olan kitablardan biri də məhz bu gün təqdimatı olan “Xilaskarlar” kitabıdır. O, bildirib ki, təqdimatı olan “Xilaskarlar” əsəri xalqın tarixi müqəddəratında müstəsna rol oynayan xilaskarlarımız Heydər Əliyev epoxası və İlham Əliyevin fəaliyyətinə həsr olunub. Daha çox gələcək nəsillərə ünvanlanan bu yığcam əsər xalqını, dövlətini, Vətənini sevən, ürəyi vətənpərvərlik coşqusu ilə döyünən hər bir azərbaycanlının stölüstü kitabına çevriləcək.

Tədbirin davamında YAP Səbail rayon təşkilatının sədri, professor Şəmsəddin Hacıyev; Milli Məclisin üzvü, Xalq şairi Sabir Rüstəmxanlı; AMEA-nın Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli; AMEA-nın Mexanika və Riyaziyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov çıxış edərək Milli Qurtuluş Gününün tariximizdə tutduğu əhəmiyyətindən, Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi və Azərbaycan xalqının həyatında oynadığı roldan danışıblar.

Tədbirin sonunda qonaqlar “15 İyun – Milli Qurtuluş Günüdür” adlı geniş sərgisi ilə tanış olublar.

icon

Foto qalereya