21-09-2021
21 sentyabr tarixində Milli Kitabxanada Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Milli Kitabxananın “Milli Musiqi xəzinəmizdən (Azərbaycan Milli Kitabxanasının fondundan)” mövzusunda həyata keçirdiyi birgə layihə çərçivəsində son iki ildə nəşr olunmuş Azərbaycan bəstəkarlarının not məcmuələrinin (cəmi 40 məcmuə) təqdimat mərasimi keçirilib.
Təqdimat mərasimi 18-24 sentyabr tarixlərində ənənəvi XIII Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının proqramına müvafiq olaraq həyata keçirilib.
Tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq ilk öncə tədbir iştirakçılarını salamlayıb. O, bildirib ki, bu il XIII Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının keçirilməsinin böyük əhəmiyyəti vardır. 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın qətiyyəti, Ordumuzun şücaəti nəticəsində tarixi ədalət bərpa edilib və Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan olunub. O, qeyd edib ki, Azərbaycan Milli Kitabxanası musiqi sahəsində bir sıra layihələr həyata keçirib. Bunlardan 30000-ə yaxın qrammafon vallarının CD disklərə köçürülməsi, Azərbaycan Musiqi kitabxanası, Petruççi musiqi kitabxanası layihələrini aid edə bilərik. Mədəniyyət Nazirliyi ilə birlikdə həyata keçirilən ən önəmli layihələrdən biri isə “Milli Musiqi xəzinəmizdən (Azərbaycan Milli Kitabxanasının fondundan)” adlı layihədir. Layihə çərçivəsində Milli Kitabxana görkəmli Azərbaycan bəstəkarlarının ötən əsrin 40-80-ci illərində çap olunan və hazırda kitabxananın Arxiv Fondunda mühafizə edilən nadir not məcmuələrini yenidən nəşr edərək mütəxəssislərin, musiqi və incəsənət məktəblərinin müəllimlərinin və şagirdlərinin istifadəsinə təqdim edir.
Kitabxana bu günədək həmin seriyadan görkəmli Azərbaycan bəstəkarları Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun, Əfrasiyab Bədəlbəylinin, Azər Rzayevin, Elmira Nəzirovanın, Asya Sultanovanın, Niyazinin, Musa Mirzəyevin, Oqtay Rəcəbovun və başqalarının fortepiano üçün not əsərlərini ayrı-ayrı məcmuələr şəklində nəşr edərək musiqi ictimaiyyətinə təqdim etmişdir.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kitab Dövriyyəsi və Nəşriyyatlarla iş şöbəsinin müdiri Akif Marifli çıxış edərək ilk öncə musiqi xadimlərini bu bayram münasibətilə təbrik edib. O, bildirib ki, son illər musiqi ədəbiyyatının nəşrində müəyyən boşluqlar var. Məhz belə layihələrin olması bu boşluqların aradan qaldırılmasına xidmət edir. Bu mənada Milli Kitabxananın Mədəniyyət Nazirliyi ilə bu birgə layihəsi alqışlanmalıdır.
Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova çıxış edərək bildirib ki, bu il XIII Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının məhz Şuşa şəhərində keçirilməsi bizi çox qürurlandırdı. O, bu layihəyə böyük əmək sərf olunduğunu və yalnız alqışa layiq olduğunu bildirərək çap olunan not məcmuələrinə bəstəkarlar haqqında məlumatların verilməsi fikrini də təklif edib.
Azərbaycan Respublikasının Xalq artisti, bəstəkar Sərdar Fərəcov çıxış edərək indiyədək Milli Kitabxananın həyata keçirdiyi layihələrdən, “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından Üzeyir bəyə, Q.Qarayevə, F.Əmirova, Niyaziyə, C.Cahangirova, Bülbülə, Xan Şuşinskiyə həsr edilən fundamental biblioqrafiyaların musiqiçilərin “dadına çatacağından” bəhs edərək, kitabxananın rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirmişdir.
Sonra Milli Konservatoriyanın prorektoru, professor Lalə Hüseynova çıxış edərək Milli Kitabxana rəhbərliyinə bu cür vəsaitlərin üzə çıxarılması, nəşri, təbliği istiqamətində gördüyü işlərə görə öz təşəkkürünü bildirib. Və bu layihənin davamlı olmasını arzulayıb.
Mədəniyyət Nazirliyinin Musiqi sektorunun müdiri Vüqar Hümbətov çıxış edərək Milli Kitabxananın bu layihəsinin yerlərdəki musiqi və incəsənət məktəblərinin şagird və müəllimləri üçün daha böyük əhəmiyyət kəsb etdiyini bildirmiş, onların bütün musiqi məktəblərinə artıq çatdırıldığını və elektron variantlarının musiqi məktəblərinin portalına qoyulduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Tədbir zamanı Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan “Milli musiqi xəzinəmizdən” adlı virtual sərgi də nümayiş olunub.
Tədbirin davamında Bakı Musiqi kollecinin rektoru, professor Nazim Kazımov, Bakı Musiqi Akademiyasının Tədris işləri üzrə prorektoru, professor Nərminə Quliyeva və digərləri çıxış edərək layihənin əhəmiyyətindən danışıb, öz təkliflərini bildiriblər.
Sonda qonaqlar “Milli musiqi xəzinəmizdən” layihəsi çərçivəsində nəşr olunan not məcmuələri ilə tanış olublar.