close
icon E-kataloq və kitabxana

Milli Kitabxananın nəşrləri Tarix İnstituna təqdim edilib

19-02-2020

Fevral ayının 19-da Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda M.F. Axundov adına Milli Kitabxananın son illərdə nəşr olunan kitablarının təqdimetmə mərasimi keçirilib.

Tədbirin təşkilatçıları Mədəniyyət Nazirliyi, Tarix İnstitutu və Milli Kitabxanadır.

Tədbiri Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov açaraq qonaqları salamlamış və Tarix İnstitutunun fəaliyyəti barədə qısaca məlumat vermişdir. Akademik Milli Kitabxananın beynəlxalq aləmdə dünya kitabxanaları ilə əməkdaşlıq sahəsində gördüyü işləri yüksək qiymətləndirdiyini söyləyib. O, bildirib ki, institut Milli Kitabxana ilə sıx əməkdaşlıq edir. Hər il Tarix İnstitutununda çap olunan kitablar Milli Kitabxanaya təqdim edilir, kitabxana da öz növbəsində onları dünya kitabxanalarına çatdırır.

Yaqub Mahmudov qeyd edib ki, Prezident İlham Əliyevin təşəbbüsü, çağırışları və tapşırıqları əsasında son illərdə Tarix İnstitutunda 500-ə yaxın tədqiqat əsəri işıq üzü görüb. İnstitutun arxivi Azərbaycanın ən zəngin fondlarından biridir. Elmi müəssisəyə  Paris, London, Berlin, Dehli, Moskva, Sank-Peterburq, İstanbul, Ankara və digər yerlərdən on minlərlə arxiv sənədi gətirilib.

Sonra söz Milli Kitabxananın direktoru, professor Kərim Tahirova verilib. Milli Kitabxananın direktoru Tarix İnstitutu ilə Milli Kitabxana arasında əməkdaşlığa böyük önəm verib. O, qeyd edib ki, Milli Kitabxana dünyanın 70-ə yaxın kitabxanası ilə əməkdaşlıq edir və Azərbaycanın  tarixinə, ədəbiyyatına, mədəniyyətinə dair kitabları dünya kitabxanalarına və digər təşkilatlara kitabxananın beynəlxalq kitab mübadiləsi yolu ilə göndərir. Milli Kitabxananın direktoru çıxışında Tarix İnstitutunun xarici dillərdə çap olunmuş kitablarının Milli Kitabxana tərəfindən dünya milli kitabxanalarına göndərildiyini söyləmişdir.

Daha sonra söz Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərova verilib. O, çıxışında Azərbaycan tarixinin və mədəniyyətinin təbliğ edilməsində Tarix İnstitutunun və Milli Kitabxananın gördüyü işləri və onların bu istiqamətdə əməkdaşlığını yüksək qiymətləndirib.

Tədbirdə həmçinin akademik Nərgiz  Axundova, Tarix İnstitutunun Elmi işlər üzrə direktor müavini Bəhrəmov Cəbi, Milli Kitabxananın Kitabxana-informasiya xidməti və beynəlxalq əlaqələr üzrə direktor müavini Ədibə İsmayılovaya və institutun digər alimləri çıxış etmişlər.

Sonda Milli Kitabxanaın nəşrləri Tarix İnstitutuna təqdim edilib.