24-12-2019
Dekabrın 24-də Milli Kitabxanada Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə yazıçı-publisist, professor Hüseynbala Mirələmovun Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Son səfər” povestinin, Azərbaycan Milli Kitabxanasının “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından nəşr etdiyi “İmadəddin Nəsimi. Biblioqrafiya” kitabının və “İmadəddin Nəsimi–650” Elektron məlumat bazasının təqdimat mərasimi keçirilib.
Tədbiri Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov açaraq, çıxışında bu gün təqdimatı keçirilən kitabların əlamətdar günə, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin doğum gününə təsadüf etdiyini söyləyib və ölkə rəhbərinə xoş arzularını ifadə edib. İmadəddin Nəsiminin ədəbi irsinin dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyini söyləyən Prof. Kərim Tahirov ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1973-cü ildə UNESCO səviyyəsində Nəsiminin 600 illik yubileyinin, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2017-ci ildə, Parisdə UNESCO-nin baş qərargahında Nəsiminin vəfatının 600 illiyinin, 2018-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə ölkəmizdə ilk dəfə Nəsimi İncəsənət Festivalının, o cümlədən 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən respublikamızda və onun hüdudlarından kənarda Nəsiminin 650 illik yubileyinə və “Nəsimi ili”nə həsr olunmuş geniş miqyaslı tədbirlərin keçirilməsinin mühüm əhəmiyyət daşıdığını, böyük mütəfəkkir İmaddən Nəsiminin Azərbaycan şairi kimi dünyada tanıdılmasında xüsusi rolu olduğunu qeyd edib.
Prof. Kərim Tahirov çıxışında qeyd edib ki, “Nəsimi ili” çərçivəsində böyük mütəffəkkirin zəngin ədəbi irsini əks etdirən nəfis tərtibatda kitablar nəşr olunub, o cümlədən Milli Kitabxana tərəfindən “Mədəni sərvətlərimizin vətənə qayıdışı” layihəsi üzrə dünyanın bır sıra ölkələrindən İmadəddin Nəsiminin 30-a yaxın əlyazmaları, eyni zamanda Nizami Gəncəvinin 3 əlyazmasının surətləri əldə edilib və orijinallığı qorunaraq nəfis tərtibatda çap edilib. Bu layihənin davamı olaraq Sankt-Peterburqda olan Azərbaycanın görkəmli şəxsiyyətlərinin əsərlərinin nadir nüsxələri, qiymətli əlyazmalarının və digər materialların, o cümlədən klassik Azərbaycan yazıçı və şairlərinin əlyazmalarının və XIX-XX əsrin əvvəllərində çap olunmuş dövri mətbuat materiallarının araşdırılaraq siyahısının tərtib olunmasına başlanılıb. Professor çıxışında Milli Kitabxana tərəfindən eyni zamanda “Nəsimi ili”nə töhfə olaraq “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından İmadəddin Nəsimi fundamental biblioqrafiyasının nəşr edildiyini və “İmadəddin Nəsimi–650” elektron məlumat bazasının hazırlanaraq geniş ictimaiyyətə təqdim edildiyini söyləyib.
Prezident İlham Əliyevin doğum günündə belə təqdimatın keçirilməsini yüksək qiymətləndirən Mədəniyyət naziri Əbülfəs Qarayev deyib ki, bu gün ölkə başçısının uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycan dünya səviyyəsində nümunəyə çevrilib, regionun qabaqcıl dövlətləri sırasındadır. Tədbir iştirakçıları adından ölkə başçısını təbrik edən nazir 2019-ci ilin “Nəsimi ili” elan olunmasını bütövlükdə mədəniyyətimizin uğuru kimi dəyərləndirib.
Ölkə rəhbərliyi səviyyəsində Nəsimi yaradıcılığına daim diqqət göstərildiyini deyən nazir 1973-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə İmadəddin Nəsiminin 600 illik yubileyinin UNESKO səviyyəsində qeyd olunduğunu bildirib. Qeyd edib ki, ümummilli liderin qətiyyəti sayəsində Bakıda Nəsiminin heykəli ucaldılıb, bədii film çəkilib, metro və rayon şairin adına adlandırılıb, onun əsərləri ana dilində kütləvi çap olunub.
Müstəqillik dövründə isə Prezident İlham Əliyevin imzaladığı sərəncamların şairin əsərlərinin çapında, dünyada təbliğində mühüm rol oynadığını söyləyən Mədəniyyət naziri ölkə rəhbərliyinin təşəbbüsü ilə Nəsimi irsinin daha geniş şəkildə tədqiq və təbliğ olunduğunu söyləyib.
Əbülfəs Qarayev deyib ki, “Nəsimi ili” çərçivəsində silsilə tədbirlər davam edir. “Nəsimi ili”nə töhfə olan daha bir incəsənət layihəsi dekabrın 27-də təqdim olunacaq. Həmin gün Heydər Əliyev Sarayında görkəmli bəstəkar, Xalq artisti, professor Firəngiz Əlizadənin “Nasimi passion” əsəri əsasında vokal-xoreoqrafik tamaşanın nümayişi nəzərdə tutulub. “İmadəddin Nəsimi. Biblioqrafiya”sının hazırlanmasını “Nəsimi ili”nə dəyərli töhfə hesab edən nazir vurğulanıb ki, bu il Nəsimi ilə bağlı çap olunan əsərlər içərisində tanınmış yazıçı Hüseynbala Mirələmovun “Son səfər” povesti də xüsusi yer tutur.
Daha sonra İmadəddin Nəsimi haqqında qısa film nümayiş edilib.
AMEA-nın Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli çıxışında bildirib ki, “Nəsimi ili” çərçivəsində təkcə AMEA-da 30-a yaxın kitab çap olunub və həmin kitablarda Nəsiminin yaşadığı dövrdən və özündən sonrakı nəsillərə nüfuz edən fəlsəfi ideyaları öz əksini tapıb. Akademik çıxışında onu da qeyd edib ki, Azərbaycan xalqının ölməz humanist şairi İmadəddin Nəsimiyə həsr olunmuş bu kitabların gələcək nəsillərə ərmağan olacaq və nə qədər ki, Azərbaycan xalqı var, Nəsimi bu gün də, sabah da yaşayacaq.
Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov çıxışında İmadəddin Nəsiminin zəngin yaradıcılığından söhbət açaraq, onun yaradıcılığında həm özünün şəxsiyyəti, ideologiyası, həm də dili və milli mənəvi mənliyinin dayandığını qeyd edib. Akademik onu da qeyd edib ki, Azərbaycan, fars və ərəb dillərində çoxsaylı əsərlərin müəllifi olan Nəsiminin yaradıcılığını dilçilik, eləcə də Azərbaycan türkcəsinin tarixini öyrənmək baxımından xüsusi əhəmiyyətə malikdir.
Milli Məclisin deputatı, professor Hadı Rəcəbli, “Azərbaycan qəzeti”nin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov, Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev, AMEA-nın Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru Səadət Şıxıyeva, Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoy və prof. Rüstəm Kamal çıxış edərək Seyid İmadəddin Nəsiminin zəngin ədəbi irsindən geniş söhbət açaraq, Nəsiminin böyük söz sənətkarı və mütəfəkkiri olaraq, bir çox türk xalqlarının ədəbiyyatı və poeziya dilinə güclü təsir göstərdiyini söyləyiblər. Natiqlər Milli Kitabxananın “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından nəşr etdiyi “İmadəddin Nəsimi. Biblioqrafiya”sını fundamental nəşr adlandırıb, eyni zamanda Hüseynbala Mirələmovun “Son səfər” povestində şair-mütəfəkkir Nəsimini hər şeydən əvvəl XX əsrin ikinci yarısının ədəbiyyatında yaradılmış ideal insandan daha çox təbii və real kamil insan kimi təsvir edildiyini bildiriblər.
Daha sonra Milli Kitabxananın “Elektron Kitabxananın İnkişafı şöbəsi”nin əməkdaşları tərəfindən hazırlanmış “İmadəddin Nəsimi–650” elektron məlumat bazası şöbənin müdiri Rübabə Səfərova tərəfindən təqdim edilib.
Gənc şair Sevindik Nəsiboğlu İmaddədin Nəsimiyə həsr etdiyi şeiri ifa edib.
SondaYazıçı-publisist, professor Hüseynbala Mirələmov çıxış edərək Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə, Azərbaycan Milli Kitabxanasının kollektivinə təşəkkürünü bildirib.