close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada Xocalı soyqırımı ilə bağlı tədbir keçirildi

25-02-2020

Fevralın 25-də Milli Kitabxanada Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanası birgə “Xocalı – XX əsrin soyqırımı” mövzusunda kitab sərgisinin açılışı, Səriyyə Müslümqızının "Onlar heç vaxt böyüməyəcəklər" və Meyxoş Abdullahın «Пленница…» kitablarının, ”Xocalı soyqırımı” adlı elektron məlumat bazasının və Xocalı ilə bağlı hazırlanmış sənədli filmin təqdimatını keçirib.

 

İlk olaraq Xocalı faciəsi qurbanlarının və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Tədbiri Milli Kitabxananın direktoru prof. Kərim Tahirov açaraq bildirib ki, Xocalı faciəsi tarixdə misli bərabəri olmayan, heç bir ölçüyə sığmayan bir qətliamdır. Direktor bildirib ki, Xocalı faciəsinin qurbanları ölkəmizdə və ölkəmizin hüdudlarından kənarda da hər bir azərbaycanlı tərəfindən dərin hüznlə yad edilir. Azərbaycan tarixinin ən qanlı səhifəsi olan Xocalı soyqırımından 28 il ötməsinə baxmayaraq, hər birimiz bu faciənin ağrısını ilk günki kimi yaşayırıq. 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xocalı şəhərinə hücum edərək dinc əhaliyə qarşı qanlı qətliam törədib, 613-dən artıq dinc sakin qətlə yetirilmiş, 150-ə yaxın insan itkin düşmüş, 1275-dən artıq insan isə girov götürülmüşdür.

Prof. Kərim Tahirov çıxışında onu da qeyd edib ki, Xocalı qırğını təkcə Azərbaycan xalqına qarşı deyil, insanlıq əleyhinə törədilmiş cinayətdir. Xocalı faciəsinin daha geniş miqyasda tanıdılması, soyqırım aktı kimi qəbul olunması istiqamətində mühüm addımlar atılıb, belə addımlardan ən vacibi isə milli ruhda kitabların yazılması və təqdim olunmasıdır. Milli Kitabxananın direktoru qeyd edib ki, Xocalı faciəsi və onun qurbanları haqqında yüzlərlə kitablar nəşr edilib, yerli və xarici mətbuat səhifələrində yazılar dərc olunub. O, bildirib ki, hələ Xocalı haqqında çox kitablar yazılmalı, xalqımızın başına gətirilən bu müsibətlər ədəbiyyatımızda layiqincə təbliğ olunmalı, gənc nəsil Xocalı faciəsinin ağrı-acılarını tarixi faktlarla yanaşı, belə əsərlərdən də oxuyub öyrənməlidirlər.Bu kitabların xarici dillərə tərcümə olunub təbliğatı mühüm məsələlərdən biridir.

Kitabxananın direktoru çıxışında onu da qeyd edib ki, hər il “Xocalı facəsi”nin anım günündə yeni kitabların təbliği Milli Kitabxananın əsas fəaliyyətlərindəndir.Bu il təqdimatı keçirilən Meyxoş Abdullanın «Пленница…», Səriyyə Müslümqızının "Onlar heç vaxt böyüməyəcəklər” əsərləri belə kitablardandır. K.Tahirov bildirib ki, M.Abdullanın«Пленница…» romanı rus dilində artıq 32 dünya kitabxanasına göndərilmişdir.

Belə kitabların nəşri və təbliği  Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə yaradılan “Xocalıya ədalət” kampaniyasına mühüm dəstəkdir.

Daha sonra,Meyxoş Abdulla çıxış edərək ilk öncə tədbir iştirakçılarına öz təşəkkürünü bildirib. O, qeyd edib ki, “Səidənin faciəsi” bir qəhrəmanlıq simvoludur. Yazıçı üçün torpağın işğalı ən böyük faciələrdən biridir.

Kitabın redaktoru Leyla Qədirzadə çıxış edərək bildirib ki, belə kitabların, qəhrəmanlıq motivli filmlərin çəkilməsi təqdirəlayiq addımdır. Bu roman Qarabağ mövzusunda yazılmış ən dəyərli əsərlərdən biridirvə o qeyd edib ki, M.Abdullanın “Əsir qadın” romanı “Yaddaş” mükafatına layiq görülmüşdür.L.Qədirzadə kitabın ekranlaşdırılmasının vacib məsələ olduğunu qeyd edib.

Gənc şair Sevindik Nəsiboğlu “Xocalı faciəsinə” həsr olunmuş şeirini ifa edib.

Yazıçı-publisist Əli bəy Azəri də çıxış edərək romanın Xocalı faciəsini tam dolğun faktlar və əyani hadisələrlə əks etdirdiyinə görə müəllifə, kitabın texniki heyətinə öz təşəkkürünü bildirib.

Tədbirdə “Xocalı soyqırımı” adlı elektron məlumat bazasının və Xocalı ilə bağlı hazırlanmış sənədli filmin təqdimatı keçirilib.

Sonda tədbir iştirakçıları və qonaqlar “Xocalı – XX əsrin soyqırımı” adlı sərgi ilə tanış olublar. Sərgi önündə xatirə şəkili çəkdiriblər.

Eyni zamanda Azərbaycan Milli Kitabxanasının nəzdində fəaliyyət göstərən Açıq Kitabxanada 8 nömrəli tam orta məktəbin 6a sinif şagirdlərinin iştirakı ilə Xocalı soyqırımı ilə bağlı tədbir keçirilib.