Mart ayının 2-də Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə Milli Kitabxananın Treninq Mərkəzində Sumqayıt, Abşeron, Xızı, Zəngilan, Qubadlı və Şuşa Mərkəzi Kitabxanalarının əməkdaşları üçün Corel Draw, Photoshop, Pinnacle Studio, Movavi Video Suite proqramlarının tədrisi məqsədilə treninqlərin açılışı olmuşdur.
Milli Kitabxananın direktoru prof. Kərim Tahirov Treninqi açaraq, informasiya texnologiyalarının kitabxanalara tətbiqinin vacibliyindən, bu günkü cəmiyyətdə kitabxanaların qarşısında duran vəzifələrdən, treninqdə tədris olunacaq proqramların kitabxana-informasiya xidmətinin təşkilində əhəmiyyətindən danışmış və mütəxəssislərə uğurlar arzulamışdır. Daha sonra Milli Kitabxananın direktoru Kitabxananın trener müəllimlərini mütəxəssislərə təqdim etmişdir.
Treninqdə Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi Kitababxananın Multimedia resursları üzrə mütəxəssisləri Əliyeva Mətanət və Nəcəfova Səfurə, Zəngilan rayon MKS-nin İnformasiya resurs şöbəsinin müdiri Məmmədova Tənzilə və İnformasiya texnologiyaları üzrə mütəxəssis Rustamova Könül, Xızı rayon MKS-nin direktoru Əliyeva Ayşən və Kitabişləmə və komplektləşdirmə şöbəsinin baş kitabxanaçısı Mahmudlu Anar, Həsən Qorxmaz adına Qubadlı rayon MKS-nin Avtomatlaşdırma şöbəsinin müdiri Alıyeva Əzizə və İnformasiya texnologiyaları üzrə mütəxəssisi Hüseynova Qərənfil, Şuşa rayon MKS-nin İnformasiya resurs şöbəsinin müdiri Süleymanlı Şəhla, Abşeron rayon Xırdalan şəhər MKS-nin İnformasiya resurs şöbəsinin müdiri Məmmədova Qəmən iştirak edirlər.
Treninq çərçivəsində müdavimlər Milli Kitabxanada gedən yeni iş üsulları və xidmət növləri ilə də əyani tanış olacaqlar. Treninqlər bir həftə davam edəcək. Sonda müdavimlərə sertifikatlar təqdim ediləcək.