21-12-2016
Dekabr ayının 21-də Milli Kitabxanada tanınmış tənqidçi Əsəd Cahangirin Xalq yazıçısı Elçin haqqında məqalələrdən ibarət “On üçüncü gecə” kitabının təqdimat mərasimi keçirilmişdir.
Tədbiri Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid açaraq tədbir iştirakçılarını salamlamış, Elçin yaradıcılığından söz açmışdır.
Sonra sözü Mədəniyyət və Turizm Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri v.m.i. e. Aslan Cəfərova vermişdir. O, öz çıxışında dramaturgiyanın istedadlı nümayəndəsi, görkəmli ictimai xadim, Xalq yazıçısı Elçinin əsərlərinin təkcə respublikamızda deyil, ölkəmizin hüdudlarından kənarda da tanındığından danışmışdır.
Çıxışçılar yazıçı publisist, filologiya elmləri doktoru Qəzənfər Paşayev, Azərbaycanda Atatürk Mərkəzinin müdiri, AMEA-nın müxbir üzvü, Millət vəkili Nizami Cəfərov, millət vəkili Aqil Abbas, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan, Yazışılar Birliyinin katibi İlqar Fəhmi, yazıçı Əli Əmirli, Yazıçılar Birliyinin Qarabağ şöbəsinin müdiri, professor Ənvər Əhməd, “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs, yazıçı, publisist Mustafa Çəmənli, nasir, tərcüməçi Yaşar Əliyev Elçin yaradıcılığının xalq sevgisi qazanmasından, yazıçının ssenariləri əsasında çəkilən filmlərdən, dünya şöhrətli yazıçıların əsərlərini dilimizə tərcümə etməsindən və s. danışdılar.
Kitabın müəllifi Əsəd Cahangir kitabın təqdimat mərasiminə gələn hər kəsə təşkkürünü bildirdi.
Tədbirdə “Xalq yazıçısı Elçin” adlı geniş kitab sərgisi açılmışdır. Sərgidə E.Əfəndiyevin əsərləri, xarici dillərə tərcümə olunmuş əsərləri, xarici dillərdən tərcümə etdiyi əsərlər, tərtib etdiyi, ön söz yazdığı, redaktoru olduğu, layihə rəhbəri olduğu kitablar nümayiş olunmuşdur. Sərgi tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanmışdır.