29-01-2020
Yanvarın 29-u Azərbaycan Mili Kitabxanasında AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun 2019-cu ildə nəşr olunan kitablarının kitabxanaya təqdimetmə mərasimi keçirilib.
Tədbir Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu və Milli Kitabxananın birgə təşkilatçılığı ilə baş tutub.
Tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq bildirib ki, Prezident İlham Əliyev AMEA-nın Tarix İnstitutunu “ölkəmizdə tarix üzrə araşdırmaların mərkəzi” adlandırmaqla institut əməkdaşlarının tədqiqat işlərinə çox yüksək qiymət verir. Professor çıxışında qeyd edib ki, Milli Kitabxana ənənəvi olaraq Azərbaycan Respublikasında fəaliyyət göstərən elm müəssisələrinin nəşr etdiyi kitabların Milli Kitabxanaya təqdimetmə mərasimini keçirir. Tarix İnstitutunun nəşr etdiyi bu kitablarda Azərbaycan tarixinin bu günə kimi yazılmayan həqiqətləri, reallıqları öz əksini tapıb. Azərbaycan tarix elmi İrəvan xanlığına, Qarabağ və Naxçıvan tarixinə həsr olunmuş fundamental əsərlərdə erməni saxtakarlarına sarsıdıcı zərbə vurub. Bu gün Tarix İnstitutunun nəşrləri türk, ingilis, rus, ərəb, alman, fransız, italyan və başqa dillərdə oxunur. Milli Kitabxana həmin nəşrləri ölkəmizin tarixini təbliğ etmək məqsədilə dünyanın bir sıra aparıcı kitabxanalarına, universitetlərinə – ABŞ-ın Konqress Kitabxanasına, Koliforniya Universitetinə, İngiltərə, Avstriya, Estoniya, Latviya, Polşa, Rusiya və digər milli kitabxanalara göndərilməsini həyata keçirəcək.
Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov çıxışında bildirib ki, 2019-cu ildə elmi müəssisədə 43 adda yeni kitab nəşr olunub. O qeyd edib ki, ötən il “Azərbaycan Xalq Cümhuriyyətinin siyasi sistemində partiyalar və parlament (1918-1920)” (rus dilində), İrəvan xanlığının tarixinə dair 4 adda broşür (ispan və ərəb dillərində), “Real tarix və “Böyük Ermənistan” uydurması” (türk, ərəb və fransız dillərində), “Saxtakarların yalançı elmi, yaxud ermənisayağı “tarix”, “Tiflis əmirliyi”, “Azərbaycanın Şəki bölgəsi 1917-1920-ci illərdə”, “Azərbaycanın Zəngəzur bölgəsi 1918-1920-ci illərdə”, “Azərbaycanın Naxçıvan bölgəsi regional hərbi-siyasi proseslərdə (1917-1920)”, “İngiloylar: zorakı xristianlaşdırmaya və gürcüləşdirməyə qarşı mübarizə tarixindən” və digər kitablar çap olunub.
Daha sonra Tarix İnstitutu ilə Milli Kitabxana arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, müştərək elmi əsərlər çap ediləcək, birgə elmi layihələr və elmi tədbirlər həyata keçiriləcək, qarşılıqlı olaraq elektron kitabxana şəbəkəsindən istifadə ediləcək. Həmçinin müqavilənin şərtlərinə müvafiq olaraq Azərbaycan Milli Kitabxanası Tarix İnstitutunun nəşrlərini dünyanın aparıcı kitabxanalarına göndərilməsini həyata keçirəcəkdir.
Daha sonra Tarix İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Güntəkin Nəcəfli, Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Kamran İsmayılov, Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Rəşad Mustafa, Tarix İnstitutunun şöbə müdiri Şahin Fazil çıxış edərək bildiriblər ki, Prezident İlham Əliyevin təşəbbüsü, çağırışları və tapşırıqları əsasında son illərdə Tarix İnstitutunda 500-ə yaxın tədqiqat əsəri işıq üzü görüb. İnstitutun arxivi Azərbaycanın ən zəngin fondlarından biridir. Elmi müəssisəyə Paris, London, Berlin, Dehli, Moskva, Sankt-Peterburq, İstanbul, Ankara və digər yerlərdən onminlərlə arxiv sənədi gətirilib.
Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdirib.