close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “21 fevral Beynəlxalq Ana Dili Günüdür” adlı geniş kitab sərgisinin açılışı olmuşdur

21-02-2020

Tədbiri Milli Kitabxananın direktoru, prof. Kərim Tahirov açaraq qeyd etmişdir ki, ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün formalaşmasında, mükəmməl təhsil almasında, insanlar arasında əlaqələrin genişlənməsində mühüm rol oynayır. Direktor bildirmişdir ki, hər bir dilin özəlliyi və özünəməxsus gözəlliyi var. Bunu kimsə inkar edə bilməz. Amma bir vətəndaş olaraq bizim üçün Azərbaycan dilinin əvəzi yoxdur. Bu dilin cazibəsini heç bir dildə tapmaq olmaz. Professor onu da vurğuladı ki, müəyyən tarixi dövrlərdə dilimiz  düşmən qüvvələrinin təzyiqinə, təcavüzünə məruz qalmış və çətin sınaqlarla üzləşmişdir. Lakin xalqımızın əyilməzliyi, milli qüruru, öz dilini qoruyub saxlamaq arzusu sayəsində ana dilimiz öz təbiiliyini və zənginliyini itirməmişdir.

Direktor eyni zamanda çıxışında Azərbaycan dilinin dövlət dili səviyyəsinə yüksəlməsində  ümummilli lider Heydər Əliyevin xidmətlərini və onun bu istiqamətdə gördüyü tədbirləri xüsusi olaraq vurğulamışdır.  O, həmçinin Ümummilli liderHeydər Əliyev siyasətinin uğurlu davamçısı Prezident İlham Əliyevin Azərbaycan dilinin saflığının qorunması, dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi və dilimizin zənginləşdirilməsi məqsədilə apardığı siyasətin önəmini qeyd etmişdir.

“21 fevral Beynəlxalq Ana Dili Günüdür” adlı sərgidə Azərbaycan dilinin özünəməxsusluğunu, təbii dil xüsusiyyətlərini, tarixi zənginliyini, Azərbaycan dilinin müasir təzahür formalarını əks etdirən kitab və dövri mətbuat materialları, müstəqillik dövründə Azərbaycan dili haqqında imzalanmış fərman və sərəncamlar nümayiş olunur.

Sərgi bir həftə nümayiş ediləcək.