close
icon E-kataloq və kitabxana

Macarıstanın Azərbaycandakı Səfiri cənab Viktor Sederkenyi Azərbaycan Milli Kitabxanasında olub

30-03-2021

Mart ayının 30-da Macarıstanın Azərbaycandakı Səfiri cənab Viktor Sederkenyi  və onun ikinci katibi, Mədəniyyət və Təhsil məsələləri üzrə diplomat Mihay Qruber Azərbaycan Milli Kitabxanasında olub. Milli Kitabxananın direktoru prof. Kərim Tahirov qonaqları salamlayaraq onların Azərbaycan Milli Kitabxanasında olmasından məmnunluğunu qeyd edərək hər iki ölkənin milli kitabxanaları arasında qarşılıqlı əməkdaşlıqdan, beynəlxalq kitab və informasiya mübadiləsindən danışıb. Sonra o, qonaqlara Milli Kitabxana barədə məlumat verərək pandemiya şəraitində oxuculara göstərilən onlayn xidmətlər barədə danışıb. Həmçinin, o, bildirib ki, pandemiya dövründə Milli Kitabxananın virtual oxucularının sayı artaraq 2 milyondan artıq olmuşdur.

Kərim Tahirov Milli Kitabxananın “Beynəlxalq Əməkdaşlıq zalı” barədə qonaqlara məlumat verərək həmin zalda 13 ölkəyə dair ədəbiyyat kolleksiyalarından ibarət daimi guşələrin təşkil olunduğunu bildirib və həmin guşədə gələcəkdə macar ədəbiyyatına dair daimi guşənin olmasını arzu etdiyini bildirərək Azərbaycana dair belə bir guşənin Macarıstan Milli Kitabxanasında da təşkil olunmasını vacib hesab etmişdir.

Sonra Macarıstanın Azərbaycandakı Səfiri cənab Viktor Sederkenyi çıxış edərək Azərbaycan Milli Kitabxanasında olmasından şad olduğunu bildirdi. O, iki ölkə arasında olan dostluq əlaqələrinin daha da möhkəmlənməsi, qarşılıqlı beynəlxalq kitab mübadiləsinin əhəmiyyətindən, gələcək əməkdaşlıq barədə danışdı. Səfir Macarıstan Milli Kitabxanasında Azərbaycana dair ədəbiyyatın əhatə olunduğu elektron kataloqun yaradılması və eləcə də Azərbaycan Milli Kitabxanasında macar ədəbiyyatının əhatə olunduğu elektron kataloqun yaradılması fikrini irəli sürdü.

Görüşün davamında Macarıstanın ölkəmizdəki səfirinin ikinci katibi, Mədəniyyət və Təhsil məsələləri üzrə diplomat Mihay Qruber danışaraq Milli Kitabxananın fondunda kiril qrafikasında olan macar ədəbiyyatının latın qrafikasına keçirmək istəyini vurğuladı. Bu təklifi alqışlayan kitabxananın direktoru Kərim Tahirov həmin ədəbiyyatların siyahısını tərtib edib onlara təqdim edəcəyini bildirərək, Macarıstan Milli Kitabxanasında mühafizə olunan Azərbaycanla bağlı ədəbiyyatın da siyahısının tərtib olunmasında köməklik göstərməsini cənab səfirdən xahiş etmişdir.

Görüşdə eyni zamanda Azərbaycan və Macarıstan Milli Kitabxanaları arasında qarşılıqlı əməkdaşlığa dair 2012-ci ildə imzalanmış və gələn il müddəti başa çatan Memorandumun yeni layihəsinə dair təkliflərin hazırlanaraq təqdim olunması barədə də razılığa gəlinmiş və burada Azərbaycan klassik şairlərinin əlyazmalarının digital nüsxələrinin hazırlanması məsələsinə xüsusi fikir verilməsi qərara alınmışdır.

Daha sonra cənab səfir Viktor Sederkenyi “Mikloş Radnoti. Bir dəli yağış” adlı kitabı Milli Kitabxananın fonduna hədiyyə etdi. Kərim Tahirov isə “Azərbaycan Milli Kitabxanası. Fotoalbom” (Azərbaycan, ingilis və rus dillərində), “Azərbaycan xalçaları dünya kolleksiyalarında” (Azərbaycan və ingilis dillərində) kitablarını və “Azərbaycan filmləri” CD-i qonaqlara hədiyyə etdi. Sonda xatirə fotosu çəkildi.

 

icon

Foto qalereya