close
icon E-kataloq və kitabxana

Kolumbiyanın Azərbaycandakı Səfiri cənab Antonio Dimate Kardenas Azərbaycan Milli Kitabxanasını ziyarət etdi

16-03-2021

Mart ayının 16-da Kolumbiyanın Azərbaycandakı Səfiri cənab Antonio Dimate Kardenas Azərbaycan Milli Kitabxanasında olmuşdur. Qonağı Milli Kitabxananın direktoru professor Kərim Tahirov qarşılayaraq onun Milli Kitabxananı ziyarət etməsindən məmnunluğunu bildirmişdir. Direktor kitabxana haqqında cənab səfirə ətraflı məlumat vermiş və Azərbaycan Milli Kitabxanasının ən başlıca vəzifələrindən birinin Azərbaycanı, onun tarixini, mədəniyyətini, incəsənətini və ədəbiyyatını dünyada ən yaxşı şəkildə tanıtmaq olduğunu qeyd etmişdir. Azərbaycan Milli Kitabxanasının dünyanın bir çox ölkəsinin milli kitabxanaları ilə əməkdaşlıq haqqında memorandum imzaladığını qeyd edən professor Kərim Tahirov növbəti müqavilənin Kolumbiya Milli Kitabxanası ilə olacağına ümid etdiyini bildirdi.

Daha sonra professor Kərim Tahirov Azərbaycanın ikinci Qarabağ müharibəsindəki böyük zəfərindən söz açmış, 44 günlük müharibə nəticəsində erməni işğalından azad edilmiş torpaqlarımızdakı acınacaqlı vəziyyətdən danışmışdır. Xüsusilə kitabxanalardakı vəziyyətdən bəhs edən direktor 975 kitabxananın və onların 4 milyondan artıq kitab fondlarının ermənilər tərəfindən tamamilə məhv edildiyini cənab səfirin diqqətinə çatdırmışdır. Bu barədə beynəlxalq kitabxana təşkilatı olan IFLA`ya müraciət etdiyini və işğaldan azad edilmiş bölgələrdəki vəziyyəti yerində qiymətləndirmələri üçün onlardan müvafiq nümayəndə heyəti göndərmələrini xahiş etdiyini bildirmişdir. Həmin kitabxanaların fondlarının bərpası sahəsində ciddi işlər görüldüyünü qeyd edən Kərim Tahirov bu məqsədlə kitab toplama kampaniyasına başlandığını bildirmiş və cənab səfiri də bu kampaniyaya qoşulmağa çağırmışdır.

Cənab səfir Antonio Dimate Kardenas Kərim Tahirova onu qəbul etdiyi üçün öz təşəkkürünü bildirmişdir. Kolumbiyanın Azərbaycandakı ilk səfiri olmaqdan məmnunluğunu xüsusilə vurğulayan cənab Antonio Dimate Kardenas iki ölkə arasındakı əlaqələrin daha da inkişaf etdirilməsi üçün əlindən gələni edəcəyini bildirmiş və azad olunmuş ərazilərdəki acınacaqlı vəziyyəti öz gözləri ilə gördüyüni qeyd etmişdir.

Cənab səfir Azərbaycan Milli Kitabxanası ilə Kolumbiya Milli Kitabxanası arasında əməkdaşlıq haqqında Memorandumun imzalanmasına ehtiyac olduğunu vurğulamışdır. Direktor Kərim Tahirov təklifə müsbət münasibət bildirərək kitabxanalar sahəsində əməkdaşlığın çox böyük əhəmiyyət kəsb etdiyini bildirmişdir. Görüş nəticəsində hər iki ölkənin milli kitabxanaları arasında qarşılıqlı əməkdaşlığa dair memorandum layihəsinin hazırlanaraq təqdim olunması qərara alınmışdır.

Daha sonra cənab səfir Kolumbiya haqqında kitabı Milli Kitabxananın fonduna hədiyyə etdi. Kərim Tahirov isə “Azərbaycan Milli Kitabanası. Foto albom” (Azərbaycan, ingilis və rus dillərində) və “Azərbaycan xalçaları dünya kolleksiyalarında” (Azərbaycan və ingilis dillərində) kitablarını qonağa hədiyyə etdi. Sonda xatirə fotosu çəkildi.

icon

Foto qalereya