close
icon E-kataloq və kitabxana

“Kaspi” qəzetinin (1893-1917-ci illər) və Rusiya müsəlmanları qəzetlərinin (1908-1917-ci illər) elektron variantları Azərbaycan Milli Kitabxanasına hədiyyə olunmuşdur

20-02-2017

Fevral ayının 17-də Beynəlxalq Mətbuat Mərkəzində “Kaspi” – Maarifçilik meydanı” kitabının və “Artkaspi.az” saytının təqdimat mərasimində “Kaspi” Təhsil Şirkətinin və “Kaspi” qəzetinin təsisçisi, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva tarixi “Kaspi” qəzetinin (1893-1917-ci illər) və Rusiya müsəlmanları qəzetlərinin (“İslam Dünyası” (1913), “Müsəlman”qəzeti-Qafqaz müsəlmanlarının orqanı (1908-1911), “Müsəlman” qəzeti (1912-1914), “Müsəlman dünyası”- Rusiya Elmlər Akademiyası (1917), “Türküstan vilayəti- ictimai-siyasi, ədəbi qəzet” (1916), “Müsəlmançılıq Dünyası -ictimai-siyası, ədəbi qəzet” (1911-1912)) hard diskə yazılmış elektron variantını Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirova təqdim etmişdir. 
Tədbirdə çıxış edən Kərim Tahirov “Kaspi” və digər Rusiya müsəlmanları qəzetlərinin arxivini Milli Kitabxanaya bağışladığı üçün şirkətə və Sona xanıma dərin təşəkkürünü bilidirmiş və XIX əsrin sonu, XX əsrin əvvəllərində “Kaspi” qəzeti və onun ətrafinda toplaşan maarifçi ziyalılarımızın və mesenatlarımızın başladığı ənənələrin müasir “Kaspi” şirkəti və “Kaspi” qəzeti tərəfindən davam etdirilməsini təqdirəlayiq hal hesab etmişdir. O, həmçinin qeyd etmişdir ki, belə bir qiymətli bazanın Milli Kitabxanaya təqdim olunması  XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycanda maarifçilik hərəkatının, milli oyanış və milli məfkurə tariximizin tədqiqində oxucularımızın, alim və tədqiqatçıların yaxın köməkçisinə çevriləcəkdir, habelə Azərbaycançılıq ideologiyasının formalaşmasında mühüm əhəmiyyəti olan bir dövrü əhatə edən “Kaspi” qəzetinin materialları ciddi tədqiqatlar mövzusuna çevriləcəkdir.
Milli Kitabxananın çoxminli oxucuları, alimlər, tədqiqatçılar, eləcə də kollektivimiz adından “Kaspi” qəzetinin və digər müsəlman qəzetlərinin  arxivini ölkəmizə gətirdiyi üçün Sona xanım Vəliyevaya və bu işdə əməyi olan bütün insanlara təşəkkürümüzü bildiririk. 
Hazırda həmin materiallar üzərində lazımi işlər aparılır və tezliklə kitabxananın saytı vasitəsilə oxucuların və tədqiqatçıların istifadəsinə təqdim olunacaqdır.