close
icon E-kataloq və kitabxana

Milli Kitabxana İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Milli Kitabxana direktorlarının V virtual iclasında iştirak edib

15-06-2021

İyunun 15-də Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Milli Kitabxana direktorlarının V virtual iclasında iştirak edib. Virtual iclasda həmçinin, İFLA-nın Prezidenti Kristina Makenzi, İran İslam Respublikasının Milli Kitabxana və Arxinin direktoru xanım Əşrəf Brucerdi; ECO Mədəniyyət İnstitutunun prezidenti cənab Sərvər Bəxti, eləcə də Türkiyə, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkmənistan, Özbəkistan Milli Kitabxanalarının direktorları təmsil olunublar.

Milli Kitabxananın direktoru, professor Kərim Tahirov onlayn iclasda çıxışına başlamazdan öncə Azərbaycan Milli Kitabxanası haqqında qısa tanıtım videosu iştirakçılara nümayiş olunub. Sonra çıxışına davam edən direktor bildirib ki, pandemiya dövründə Azərbaycan Milli Kitabxanası öz fəaliyyətini bir an da olsa dayandırmayıb və onlayn rejimdə öz oxucularına xidmətini davam etdirib. Bir ildən artıq pandemiya dövründə Azərbaycan Milli Kitabxanası 3 milyon oxucuya virtual rejimdə xidmət göstərib, oxucuların sifarişi əsasında elektron bazada olmayan 40 min tammətnli elektron resurs yaradaraq oxucuların elektron poçt ünvanına göndərilməsini təmin edib. Həmçinin, müxtəlif mövzular üzrə çoxlu sayda elektron məlumat bazaları, virtual elektron sərgilər, daycestlər və digər elektron nəşrlər hazırlayaraq Milli Kitabxananın saytı və sosial şəbəkələr vasitəsilə oxuculara təqdim edilib. O, qeyd edib ki, bir sözlə pandemiya şəraiti müəyyən mənada bizi yeni iş formaları axtarıb tapmağa və onlayn rejimdə bir sıra xidmətlər göstərməyə sövq etmişdir.

K.Tahirov bildirib ki, ölkəmizdə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2021-ci il dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar “Nizami Gəncəvi ili” elan olunmuşdur və Azərbaycan Milli Kitabxanası Nizaminin dünya kitabxanalarında saxlanılan əlyazmalarının digital nüsxələrinin toplanmasını həyata keçirir və bugünədək dünyanın 48 kitabxanasından 108 əlyazmanın elektron versiyasını əldə etmişik. Fürsətdən istifadə edərək İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Milli Kitabxana direktorlarına müraciət edərək kittabxanalarınızda olan Nizami Gəncəvi əlyazmalarının digital (elektron) nüsxələrinin Azərbaycan Milli Kitabxanasına göndərməyinizi xahiş edirəm.

K.Tahirov onu da vurğulayıb ki, 2023-cü ildə Azərbaycan Milli Kitabxanası özünün 100 illik yubileyini qeyd edəcəkdir və fürsətdən istifadə edərək 2023-cü ilin sentyabrında keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Milli Kitabxana Direktorları Şurasının növbəti toplantısının Bakıda keçirilməsini təklif edir və Sizin hamınızı Bakıya dəvət edirəm. Prof. K.Tahirovun bu təklifi məmnuniyyətlə qəbul olundu və bu təklifə görə ona təşəkkürlərini bildirdilər.

Sonra direktor qeyd edib ki, Azərbaycanın ərazisinin 20 faizi 30 ilə yaxın bir zaman ərzində Ermənistan tərəfindən işğal olunmuşdu. 30 il işğal altında 4 milyon 600 min nüsxə kitab fonduna malik 975 kitabxanamız, yüzlərlə məscidlərimiz və digər mədəniyyət abidələrimiz, muzeylərimiz, məktəblərimiz qalmışdı.  Ötən il Azərbaycan qardaş Türkiyənin və Pakistanın yaxından dəstəyi ilə 44 günlük Vətən müharibəsində qazandığı zəfərlə öz torpaqlarını erməni işğalından azad etmişdir. İşğaldan azad olunan ərazilərimiz nəzərdən keçirilərkən məlum olmuşdur ki, mənfur erməni faşistləri bütün kitabxanaları yerlə yeksan etmiş və 4,5 milyon nüsxədən artıq qiymətli kitabı vəhşicəsinə yandırmışlar. Əlbəttə kitabları yandırmaq, mədəni dəyərləri vəhşicəsinə dağıtmaq, məscidləri təhqir edərək orada heyvan saxlamaq insanlığa yaraşmayan vəhşilikdən başqa bir şey deyildir. Mən Milli Kitabxana direktoru olaraq ötən ilin dekabrında YUNESKO-ya və İFLA-ya müraciət edərək bu vəhşiliyi qınamağa və pisləməyə çağırmışam. İFLA prezidenti xanım Kristina Makenzi mənə yazdığı cavab məktubunda bu vəhşiliyi insanlığa yaraşmayan hərəkət adlandıraraq qınadıqlarını bildirmiş və eyni zamanda YUNESKO-ya Azərbaycana bir missiya göndərmək təklifi ilə müraciət etdiklərini bildirmişdir. Lakin bugünədək heç bir missiya təşkil olunmamış və erməni vəhşiliyinin nişanələrinə yerində baxış keçirilməmişdir. Direktor bir daha İƏT üzvü olan ölkələrin MK direktorlarına müraciət edərək onları bu işdə dəstək olmağa, YUNESKO-ya və İFLA-ya müraciət edərək Azərbaycanın erməni işğalından azad olunmuş ərazilərindəki kitabxanalara və məscidlərə yerində baxış keçirmək məqsədilə bir missiya təşkil etməyə çağırmalarını xahiş etmişdir. Ən azı belə insanlığa yaraşmayan hərəkətlərin digər ölkələrdə təkrarlanmaması üçün bu xüsusilə vacib olduğunu vurğulayan direktor Azərbaycan Milli Kitabxanası olaraq bu məqsəd üçün ölkəmizə gəlmək istəyən hər bir ölkə nümayəndələrini qəbul etməyə və həmin ərazilərə aparmağa hazır olduqlarını bildirmişdir.

Çıxışının sonunda professor Kərim Tahirov iştirakçılara uğurlar arzulayıb.