close
icon E-kataloq və kitabxana

Ankarada TÜRKSOY-un iqamətgahında “Dahi Azərbaycan şairi Nizami Gəncəvi” mövzusunda kitab və fotosərginin açılış mərasimi keçirilib

02-03-2021

Mart ayının 2-də Ankarada TÜRKSOY-un iqamətgahında Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2021-ci ilin “Nizami Gəncəvi ili” elan olunması ilə əlaqədar Böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyi ilə əlaqədar Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, TÜRKSOY Beynəlxalq Mədəniyyət Təşkilatı və Azərbaycan Milli Kitabxanasının birgə təşkil etdiyi “Dahi Azərbaycan şairi Nizami Gəncəvi” mövzusunda kitab və fotosərginin açılış mərasimi keçirilib.

Açılış mərasimini TÜRKSOY-un baş katibi Düsen Kaseinov edərək  tədbir iştirakçılarını salamlayıb və təşəkkürünü bildirib. Böyük Azərbaycan şairi Nizami Gəncəvinin 880-ci ildönümünün TÜRKSOY-da qeyd edilməsindən böyük məmnunluq duyduğunu söyləyib. Ortaq dəyərlərimiz olduğunu vurğulayaraq bundan qürur duyduğunu bildirib.

Daha sonra Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim çıxış edib.                 

Azərbaycan Respublikasının Mədəniyyət Naziri Anar Kərimov çıxış edərək ilk rəsmi səfərinin qardaş Türkiyəyə olduğundan qürur duyduğunu bildirib.  Azərbaycan Respublikası Prezidentinin qərarı ilə bu ilin dahi Azərbaycan şairi Nizami Gəncəvi ili elan olunduğunu qeyd edərək tədbirin təşkilinə görə TÜRKSOY-a, xüsusilə Düsen bəyə və Türkiyə Mədəniyyət Nazirliyinə öz təşəkkürünü bildirib. Nazir Nizami yaradıcılığı haqqında çıxış edərək qeyd edib ki, həm Azərbaycanın, həm də Türkiyənin vəzifəsidir ki, belə bir böyük şəxsiyyətin beynəlxalq səviyyədə tanıdılması üçün əlindən gələni etsin.

Daha sonra Nizami əsərlərindən ibarət Milli Kitabxananın təşkil etdiyi kitab sərgisinə (Milli Kitabxananın fondundan) baxış keçirilib. Milli Kitabxananın direktoru, professor Kərim Tahirov qonaqları Nizami Gəncəvinin əsərlərindən ibarət kitab sərgisi ilə tanış edib.

Tədbirdə Nizami əsərlərindən ibarət musiqi dinlətisi olub.

Daha sonra hədiyyə təqdimatı keçirilərək Türksoy-un Baş katibi Düsen Kaseinov Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahimə və Azərbaycan Respublikasının Mədəniyyət Naziri Anar Kərimova hədiyyə təqdim edib. Eyni zamanda, Azərbaycan Respublikası Mədəniyyət naziri cənab Anar Kərimov da Qarabağ və Şəki haqqında kitab və Xarı bülbül yaxa sancağını Türksoy-un Baş katibi Düsen Kaseinova hədiyyə edib.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, TÜRKSOY Beynəlxalq Mədəniyyət təşkilatı və Azərbaycan Milli Kitabxanası 10 ildən artıqdır ki, hər il Ankarada  Azərbaycanın görkəmli şəxsiyyətlərinin yubileyləri ilə əlaqədar elmi konfranslar, dəyirmi masalar, kitab sərgiləri və digər tədbirlər keçirir və artıq bu bir ənənəyə çevrilmişdir. Bu gün bu məkanda xalqımızın bəşər tarixinə bəxş etdiyi dühalardan biri, dahi Azərbaycan şairi şeyx Nizami Gəncəvinin işığına toplanılıb. Hörmətli cənab Prezidentimizin sərəncamına müvafiq olaraq Böyük Nizaminin 880 illik yubileyi qeyd edilir.

Nizami dahi sənətkar olaraq bütün dünya xalqları tərəfindən sevilə-sevilə oxunur, onun əsərləri əksər dünya xalqlarının dillərinə tərcümə olunmuşdur.Böyük Nizaminin əlyazmaları bu gün dünyanın ən zəngin  kitabxanalarının və arxivlərinin fondlarını bəzəyir və bəlkə də dünya üzrə əlyazmaları daha çox yayılan müəlliflərin ilk onluğuna daxildir. Bunun sirri isə Nizami şeirinin dünyəviliyində, fəlsəfi düşüncə yükündə, dilinin sadəliyində və əbədiyaşar dəyərləri əks etdirməsindədir.Nizaminin məşhur “Xəmsə”si və digər lirik şeirləri insanları humanizmə, bəşəri duyğulara sadiqliyə, dostluğa, əməksevərliyə, müxtəlif xalqların birgəyaşayışına və tolerantlığa səsləyir. Məhz bu səbəbdən də bəşəri poeziya nümunələri kimi hamı tərəfindən sevilir.

2019-cu ildən Milli Kitabxana Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondu ilə birgə “Milli mənəvi sərvətlərimizin vətənə qayıdışı” layihəsini həyata keçirməyə başlamışdır və son 2 il ərzində dünya Milli Kitabxanalarında mühafizə olunan Azərbaycanın klassik şairlərinə mənsub olan 58 adda əlyazmaların elektron surətlərinin Azərbaycan Milli Kitabxanasına gətirilməsinə nail olunmuşdur. Bunların arasında Xaqani Şirvaninin, Nizami Gəncəvinin, İmadəddin Nəsiminin, Nəsrəddin Tusinin, Saib Təbrizinin və digər klassiklərimizin qiymətli əlyazmalarının surətləri vardır.

 Dünya kitabxanalarında çoxlu sayda kataloqlara salınmayan və tədqiqatçılarımızdan gizli qalan milli mənəvi irs nümunələrimiz vardır və onların tədqiqi məqsədilə birgə layihələr işlənəcək və həyata keçiriləcək.

Ətraflı: https://azertag.az/xeber/Ankarada_dahi_Nizami_Gencevi_yaradiciligina_hesr_olunan_merasim_kechirilib-1724811

 

 

 

icon

Foto qalereya