close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı” adlı elektron məlumat bazası istifadəçilərə təqdim olundu

16-10-2023

     Türk dünyası öz qədim və möhtəşəm mədəniyyəti ilə bəşər sivilizasiyası tarixinə parlaq səhifələr yazmışdır. Misilsiz zənginliyi ilə seçilən ümumtürk mədəni irsinin mühafizə olunması, bu sərvətin gələcək nəsillərə çatdırılması və dünyaya tanıdılması işində TÜRKSOY təqdirəlayiq xidmətlər görmüşdür.

     Bu il Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un yaradılmasının 30 ili tamam olur. 1993-cü il iyulun 12-də Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə və Türkmənistanın mədəniyyət nazirlərinin iştirakı ilə Almatı şəhərində keçirilən toplantıda “Türk Kültür və Sənətləri Ortaq Yönətimi”nin (TÜRKSOY) yaradılması haqqında saziş imzalanıb. Qurum 2009-cu ildən Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı adlanır. Təşkilatın katibliyi Ankara (Türkiyə) şəhərində yerləşir.

     Azərbaycan TÜRKSOY-a dəstəyini hər zaman ifadə etmiş, türkdilli ölkələrin mədəni inteqrasiyasının geniş vüsət almasına çalışmışdır.  Şuşa şəhərinin 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş I Türk Dünyası Mədəniyyət Forumunun və “TÜRKSOY Mədəniyyət Günləri”nin keçirilməsi bu istiqamətdə birgə səylərimizin göstəriciləridir.

    Milli Kitabxananın əməkdaşları tərəfindən TÜRKSOY-un yaradılmasının 30 illiyi münasibətilə “Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı” adlı elektron məlumat bazası hazırlanıb. Elektron məlumat bazası “Haqqında”, “Görkəmli şəxslər TÜRKSOY haqqında”, “Üzvlər”, “Nəşrlərindən”, “Məqalələr”, “Fotoqalereya”, “Videoqalereya” bölmələrindən ibarətdir.

     Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər http://anl.az/el/emb/TURKSOY/index.html linkindən istifadə edə bilər.

    Həmçinin Azərbaycan Milli Kitabxanasında “Türk dünyası ədəbiyyatı (TÜRKSOY-un yaradılmasının 30 illiyinə həsr olunur) adlı ənənəvi kitab sərgisi açılmışdır.

    Sərgidə Milli Kitabxananın fondundan TÜRKSOY-a üzv olan 6 ölkənin Azərbaycanın, Türkiyənin, Qazaxıstanın, Qırğızıstanın, Özbəkistanın, Türkmənistanın kitabları, TÜRKSOY-un nəşrləri nümayiş olunur.

    Sərgi 1 həftə davam edəcəkdir.