close
icon E-kataloq və kitabxana

Avropa Milli Kitabxanaları Konfransının (CENL) Katibliyi Azərbaycan Milli Kitabxanasının iş təcrübəsinin CENL-in payızda keçiriləcək vebinarında əsas məruzə kimi təqdim olunmasını tövsiyə etmişdir

16-08-2021

Bu günlərdə Avropa Milli Kitabxanaları Konfransı (CENL) təşkilatından Azərbaycan Milli Kitabxanasına məktub daxil olmuşdur. CENL-in katibliyindən daxil olan məktubda bildirilir ki, Azərbaycan Milli Kitabxanasının 2019-cu il üçün hesabatı nəzərdən keçirilərkən kitabxananın ictimaiyyətlə əlaqələr və ictimaiyyətin kitabxanaya cəlb edilməsi, habelə informasiya resurslarının toplanması məqsədilə həyata keçirdiyi yüksək səviyyəli layihələr CENL katibliyi tərəfindən müsbət təcrübə kimi qiymətləndirilmişdir. Bu səbəbdən Azərbaycan Milli kitabxanasının bu sahədəki fəaliyyətinin digər Avropa kitabxanaları ilə bölüşməsi və onlar tərəfindən öyrənilməsi tövsiyyə olunmuşdur.

Buna görə də CENL-in bu ilin payızında keçiriləcək vebinarında Azərbaycan Milli Kitabxanasının ictimaiyyətlə əlaqələr və ictimaiyyətin kitabxanaya cəlb olunması, yaxud da Kitabxana fandreyzinqi sahəsindəki fəaliyyəti barədə təcrübəsini digər CENL üzvləri ilə bölüşmək məqsədilə əsas məruzəçi kimi çıxış etməsi tövsiyə olunmuşdur. Azərbaycan Milli Kitabxanasından əsas məruzəçi təyin olunması barədə xahiş olunmuşdur.

Burada Milli Kitabxananın kitabın və mütaliənin təbliği, ictimaiyyətin kitabxanalara cəlb olunması istiqamətində həyata keçirdiyi tədbirlər – kitab təqdimatları və kitab müəllifləri ilə görüşlər, ənənəvi və virtual kitab sərgiləri, 7 gün və 24 saat ərzində fəaliyyət göstərən “Açıq Kitabxana” tərəfindən keçirilən rəngarəng tədbirlər, kitabın və ədəbiyyatın təşviqi məqsədilə “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından nəşr olunan 80-dən artıq fundamental biblioqrafiyalar və digər layihələrimiz, ölkə ərazisində nəşr olunan bütün çap məhsullarında pulsuz məcburi nüsxələrin toplanması, ayrı-ayrı nəşriyyatlarla aparılan kitabtoplama işləri, habelə digər ölkələrin milli və universitet kitabxanaları ilə aparılan aktiv fəaliyyət və bu istiqamətdə həyata keçirilən tədbirlər əsas meyarlar kimi nəzərə alınmışdır.

Milli Kitabxananın informasiya resurslarının toplanması və Fandreyzinq  sahəsində fəaliyyəti qiymətləndirilərkən Milli Kitabxananın Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birgə Heydər Əliyev Fondunun fəal dəstəyi ilə 2019-cu ildən həyata keçirməyə başladığı “Milli mənəvi dəyərlərimizin Vətənə qayıdışı” layihəsi çərçivəsində dünya milli kitabxanalarında mühafizə olunan Azərbaycan ədəbiyyatının klassiklərinə mənsub olan qiymətli əlyazmalarının rəqəmsal (digital) nüsxələrinin Azərbaycan Milli Kitabxanasına gətirilməsi istiqamətində həyata keçirilən tədbirlər xüsusilə diqqətəlayiq hesab olunmuşdur. Belə ki, 2019-cu ildə Nizami Gəncəviyə, İmadəddin Nəsimiyə, Məhəmməd Füzuliyə, Nəsrəddin Tusiyə, Xəqani Şirvaniyə, Sahib Təbriziyə və digər klassik şairlərimizə mənsub olan və bu və ya digər səbəbdən vaxtilə xarici ölkələrə daşınan 58 qiymətli əlyazmanın rəqəmsal nüsxələri ölkəmizə gətirilərək kitab şəklində çap olunaraq mütəxəssislərin istifadəsinə verilmişdir.

2019-cu ilin sentyabrında Bakıda keçirilən VI Beynəlxalq Kitab Sərgisi çərçivəsində dünyanın 13 ölkəsindən gəlmiş milli kitabxana direktorlarının iştirakı ilə həmin əlyazmaların sərgisi təşkil olunmuşdur. Sərginin açılışında iştirak edən Heydər Əliyev Fondunun vitse prezidenti Leyla xanım Əliyeva çıxış edərək Milli Kitabxanamızın bu işinə həmişə dəstək olacaqlarını bildirmişdir.

2020-ci ildə pandemiya şəraitinin yaratdığı ciddi çətinliklərlə əlaqədar bu layihə üzrə fəal iş aparmaq mümkün olmamışdır. 2021-ci il hörmətli cənab Prezidentimiz tərəfindən “Nizami Gəncəvi ili” elan olunmuşdur və bu il həmin layihə üzrə Heydər Əliyev Fondunun dəstəyi ilə dahi Nizami Gəncəvinin dünyanın müxtəlif kitabxana və muzeylərində mühafizə olunan 200-ə yaxın qiymətli əlyazmalarının rəqəmsal nüsxələrinin Azərbaycan Milli Kitabxanasına gətirilməsi təmin olunmuşdur. Hazırda bu əlyazmaların ən qiymətlilərinin üzərində işlər aparılır və ilin sonunadək onların elektron məlumat bazası ictimaiyyətə təqdim olunacaqdır.

Bütün bunları nəzərə alaraq CENL katibliyi bu ilin payızında keçiriləcək vebinarında  Azərbaycan Milli Kitabxanasını əsas məruzəçi kimi çıxış etməyə dəvət etmişdir.

Azərbaycan Milli Kitabxanası tərəfindən CENL-in bu ilin payızında keçiriləcək vebinarında əsas məruzəçi kimi kitabxananın Kitabxana-informasiya xidməti və beynəlxalq əlaqələr üzrə direktor müavini Ədibə xanım İsmayılova təyin olunmuşdur.