21-06-2021
Cəmiyyətin intellektual, mənəvi potensialının inkişafında əvəzolunmaz rol oynayan kitabxanaların fəaliyyətinin təkmilləşdirilməsi bu sahədə əsaslı islahatların aparılmasını, kitab fondlarının müasir informasiya daşıyıcıları ilə zənginləşdirilməsini, dünyanın qabaqcıl kitabxana-informasiya müəssisələrinin təcrübəsindən istifadə edilməsini, kitabxanaların maddi-texniki bazasının möhkəmləndirilməsini zəruri edir və bütün bunlar mədəniyyət sahəsində dövlət siyasətinin əsas proritetlərindən biridir. Bu prioritet məsələlərin həllində ölkə kitabxanalarının kompyuter avadanlıqları, internet və ən əsası isə onların fondlarını ümumi bazada yerləşdirən bir proqram ilə təchiz olunması xüsusi əhəmiyyət kəsb edir.
Milli Kitabxananın əməkdaşları tərəfindən “ALİSA Azərbaycanın Avtomatlaşdırılmış Kitabxana İnformasiya Sistemi” adlı elektron təlimati metodik vəsait hazırlanmışdır. Təqdim olunan elektron təlimati metodik vəsait ALİSA proqramının - Azərbaycanın Avtomatlaşdırılmış Kitabxana İnformasiya Sisteminin texniki funksiyalarını açaraq, onun modulları, ayrı-ayrı bölmələri, iş funksiyalarını yerinə yetirən düymələr və ümumiyyətlə, bütün proseslər haqqında ətraflı məlumatın verilməsinə xidmət edir.
ALİSA (Automated Library İnformation System of Azerbaijan) kompleks bir layihə kimi Azərbaycanın kitabxana sistemini inkişaf etdirmək üçün yaradılıb. Sistem kitabxanadaxili prosesləri və kitabxana-oxucu münasibətlərini tam avtomatlaşdırır və bu proses üçün lazımi mühitin yaranmasına imkan verir.
Elektron təlimati metodik vəsait ilə tanış olmaq istəyənlər http://anl.az/down/alisa.pdf linkindən istifadə edə bilərlər.