close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Akademik Teymur Kərimli” adlı virtual sərgi istifadəçilərə təqdim olundu

02-10-2023

       Akademik Teymur Həşim oğlu Kərimli 2 oktyabr 1953-cü ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Nürgüd kəndində anadan olmuşdur. 1970-ci ildə orta məktəbi qızıl medalla, 1975-ci ildə indiki Bakı Dövlət Universitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Həmin ildə Kəlbəcər rayonunda orta məktəbdə müəllim kimi əmək fəaliyyətinə başlamışdır. 1977-1980-ci illərdə AMEA Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında təhsil almış, 1983-cü ildə “Nizamidə tarixin romantik qavrayışı (“Yeddi gözəl” poeması üzrə)” mövzusunda namizədlik dissertasiyası, 2004-cü ildə “Nizami yaradıcılığında tarixi şəxsiyyət və tarixi hadisə ideya-estetik qayənin konteksti və yardımçısı kimi” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.

         Teymur Kərimli otuz ildən artıq AMEA Nizami adına Ədəbiyyat İnstitutunda fəaliyyət göstərmişdir. Uzun illər İnstitutun “Orta əsrlər Azərbaycan ədəbiyyatı” şöbəsinə rəhbərlik etmişdir. 2002-ci ildən Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsində (2002-2003-cü və 2012-2013-cü illərdə Nizami adına Ədəbiyyat İnstitutunda direktor vəzifəsinin icraçısı) çalışmışdır.

        Teymur Kərimli “Nizami və tarix”, “Görünməyən Füzuli”, “Akademik Akif Əlizadə: istedadla enerjinin harmoniyası”, “Gözəllərin axıra qalmışı”, “Şərqin qapısından dünyaya”, “Hicran ömrü”, “Akademik Əhməd Mahmudov” kitablarının, ümumtəhsil məktəblərinin X sinifləri üçün “Ədəbiyyat” dərsliyinin və yüzdən artıq elmi məqalənin müəllifidir.

        2014-cü ildən hazırki dövrədək AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru vəzifəsində çalışır.

       Yubiley münasibətilə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Akademik Teymur Kərimli” adlı virtual sərgi hazırlanıb.

       Virtual sərgidə fotolar, Teymur Kərimlinin müəllifi olduğu kitablar, məqalələr, həmçinin tərcümə və redaktə etdiyi kitablar nümayiş olunur.

       Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Teymur_Kerimli/index.htm linkindən istifadə edə bilərlər.