close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “8 Mart – Beynəlxalq Qadınlar Günü” adlı sərgi virtual rejimdə istifadəçilərə təqdim olunub

05-03-2021

Hər il mart ayının 8-i Beynəlxalq Qadınlar Günü kimi qeyd olunur.  Bu gün qadınların iqtisadi, ictimai və siyasi mübarizəsini, habelə ümumi olaraq qadınlara qarşı nəzakət, sevgi və məhəbbətin tərənnümünü ənənəvi hala gətirmişdir. Azərbaycan qadını tarixin bütün dövrlərində öz iradəsi və mərdliyi, saflığı və sədaqəti ilə cəmiyyətimizin həyatında, xalqımızın milli-mənəvi dəyərlər sisteminin formalaşmasında müstəsna rol oynayıb. Ölkəmizin siyasi-ictimai, elmi, ədəbi-bədii, humanitar və digər sahələrində öz sözünü demiş qadınlar xüsusilə son dövrlərdə yüzilliklərə bərabər inkişaf yolu keçib, onların cəmiyyətdə, ictimai həyatda, ailədəki mövqeyində köklü dəyişikliklər baş verib.

Bu gün Azərbaycan qadını, alimdir, yazıçıdır, rəssamdır, həkimdir, neftçidir, arxeoloqdur... ən başlıcası isə bu sənət sahiblərini ailə və cəmiyyət üçün yetişdirən həyat müəllimi, anadırlar.

Bu münasibətlə, Milli Kitabxananın əməkdaşları tərəfindən “8 Mart – Beynəlxalq Qadınlar Günü” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə  tarixdə və müasir Azərbaycanın ictimai-siyasi həyatında iz qoymuş, əhəmiyyətli rol oynamış məşhur qadınlar, onların həyat və yaradıcılığına dair ədəbiyyat, analar, qadınlar haqqında yazılmış kitablar, dövri mətbuat səhifələrində dərc olunmuş məqalələr və fotolar nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər       http://anl.az/el/vsb/8_Mart_Beynelxalq_Qadinlar_Gunu/index.htm  linkindən istifadə edə bilərlər.

Azərbaycan Milli Kitabxanasının əməkdaşları da “8 Mart – Beynəlxalq Qadınlar Günü” münasibətilə bütün Azərbaycan qadınlarını təbrik edir, onlara, ailədə, ictimai işlərdə və ölkəmizin həyatında daim fəal olmalarını arzulayırlar.